29 sentyabr 2020-ci il
Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, professor Azər Paşa Nemətovun və teatr ictimaiyyətinin Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə MÜRACİƏTİ
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Qüdrətli dövlət rəhbəri və Ali Baş Komandan kimi Sizin rəhbərliyiniz altında yenilməz Azərbaycan ordusu bir neçə gündür işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı rəşadətlə mübarizə apararaq, əzəli dədə-baba torpaqlarımızın düşmən tacavüzündən azad olunması üçün böyük ruh yüksəkliyi ilə silaha sarılıb.
Xalqa müraciətinizdə dediyiniz kimi, bu təxribat erməni faşizminin növbəti təzahürüdür. Azərbaycan ordusu Sizin rəhbərliyiniz altında dünyanın ən güclü ordularından biri kimi zaman-zaman düşmən təxribatına layiqli cavab verib, şəhidlərimizin, mülki vətəndaşlarımızın qisası alınıb, onların qanı yerdə qalmayıb. Yenilməz Azərbaycan əsgəri, hərbçi və zabitlərimiz canları və qanları bahasına yeddi kəndimizi, bir sıra strateji yüksəklikləri düşməndən təmizləyib. Bütün beynəlxalq hüquq və normalarını tapdalayan faşist mahiyyətli düşmən ordusu cəbhə bölgəsində dinc sakinləri hədəfə alır, mülki obyektlərə zərbələr endirir. Lakin qeyrətli Vətən oğullarımız düşməndən bunun qisasını alır. Ermənistanın məhv olunan canlı qüvvəsi, sıradan çıxarılan hərbi texnikası bunun bariz nümunəsidir.
Möhtərəm Ali Baş Komandan!
Bu gün Azərbaycan Sizin və Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bütün sahələrdə öz qüdrətini dünyaya bəyan edir. Ordumuzun qələbələri məhz bu müdrik, məqsədyönlü siyasi iradənin nəticəsidir. Azərbaycan xalqı, o cümlədən mədəniyyət və teatr xadimləri Sizin - öz böyük sərkərdəsinin, böyük oğlunun ətrafında sıx birləşib, silahdaş kimi öz Ali Baş Komandanı ilə çiyin-çiyinə mübarizə aparır. Müharibə can və qan itkisi, qeyrətli Vətən oğullarının uca şəhadəti deməkdir. Lakin biz canımızı, qanımızı ana yurdumuz üçün, elimiz-obamız üçün fəda etməkdən çəkinmirik. Azərbaycan xalqı öz şəhidlərini qürurla qarşılayır, onları torpağa əmanət edib ruhları qarşısında baş əyirlər.
Bu şərəfli yolda bütün xalqımız, bütün teatr ictimaiyyəti Sizinlədir. Yaşımızdan, kişi və qadın olmağımızdan asılı olmayaraq ələ silah alıb, Vətən yolunda şəhid olmağı özümüzə şərəf bilirik. Biz qələbə çalacağıq. Bütün Azərbaycan teatrları, eləcə də Şuşa teatrı öz tamaşalarını Qarabağda səhnələşdirəcək. Əminik ki, Tanrı Şuşaya üçrəngli bayrağımızı sancmağı məhz Sizin rəhbərliyiniz altında bizə nəsib edəcək. O böyük gündə hamımız bir yerdə olacağıq. Qələbə bizimdir, Qələbə Azərbaycan xalqınındır.
Qarabağ Azərbaycandır!