18,19 oktyabr 2025-ci il
Belarusun Yanka Kupala adına Milli Akademik Teatrının baş direktoru Aleksandr Şestakovun Bakıya səfəri
Məlum olduğu kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Belarusun Yanka Kupala adına Milli Akademik Teatrı arasında 19 dekabr 2024-cü il tarixində əməkdaşlıq Memorandumu imzalanıb. Memoranduma əsasən, yaradıcı kollektivlərin qastrollarının, mədəniyyət günlərinin, festivalların, sərgilərin və digər mədəni tədbirlərin təşkili, mədəniyyət xadimlərindən, bədii və yaradıcı kollektivlərdən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərləri planlaşdırılıb.
Oktyabrın 19-da səfər çərçivəsində Aleksandr Şestakovun Azərbaycanda fəaliyyət göstərən teatr rəhbərləri ilə görüşü təşkil olunub. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, Azərbaycan Teatr Xadimləri İttifaqının və Belarusun Yanka Kupala adına Milli Akademik Teatrının təşkilatçılığı ilə keçirilib. Görüşdə “Müasir teatr: idarəçilik, maliyyələşdirmə, dövlət dəstəyi və özəl investisiyalar” mövzusunda söhbətlər, müzakirələr aparılıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Teatr sektorunun nümayəndəsi Günay Hümbətova, Belarusun Yanka Kupala adına Milli Akademik Teatrının baş direktoru Aleksandr Şestakov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Şəki Dövlət Dram Teatrının direktoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, Bakı Uşaq və Gənclər Teatrının direktoru, Əməkdar artist İntiqam Soltan, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elçin Cəfərov mövzu ilə bağlı çıxış ediblər.
Görüşdə Aleksandr Şestakova Azərbaycan Teatr Xadimləri İttifaqının "Teatr xadimi" medalı təqdim olunub. Qonaq göstərilən diqqətə görə təşəkkür edib.

