18 yanvar 2026-cı il
“İncəsənətin Tərəqqisinə Dəstək” İctimai Birliyi ictimaiyyətə təqdim olunub
Tədbir İctimai Birliyin nəzdində fəaliyyətə başlayan “Zəfər yurdu” ansamblının xor kollektivinin ifasında Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən tədbirin moderatoru, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini, şair-publisist, Beynəlxalq Alaş Ədəbiyyatı mükafatçısı Əkbər Qoşalı rəsmi fəaliyyətə başlaması münasibətilə İctimai Birliyin kollektivini təbrik edib, onlara uğurlar arzulayıb.
İctimai birliyin təsisçisi və sədri Turanə Orucova qonaqları salamladıqdan sonra qarşıda duran vəzifələrdən, görüləcək işlərdən danışıb, Birliyin mədəniyyətin və incəsənətin bütün sahələrinin inkişafına dəstək göstərməyi qarşısına məqsəd qoyduğunu vurğulayıb.
Təbrik nitqi ilə çıxış edən Milli Məclisin deputatları - Vasif Qafarov, Aydın Mirzəzadə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyinin sədri Şahin Qədirov, İrəvan Ansamblının rəhbəri Maya Qafarova, Qərbi Azərbaycan İcması Nizami rayon Təşkilatının sədri Xəqani Cəfərov, “Aydınlar Ocağı” Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzinin sədri Vüqar Qədirov və digər natiqlər İctimai Birliyin kollektivini təbrik edib, onlara uğurlar arzulayıblar.
Tədbirdə KİV və QHT nümayəndələri, digər rəsmi şəxslər iştirak ediblər.
Mərasimin sonunda “Zəfər yurdu” ansamblının kollektivi vətənpərvərlik ruhunda ifa etdikləri musiqilərlə qonaqların zövqünü oxşayıb.

