3 dekabr 2024-cü il
Dərbənd Azərbaycan Dövlət Dram Teatrının 120 illik yubileyi
Bakıda Dərbənd Azərbaycan Dövlət Dram Teatrının 120 illik yubileyi qeyd olunub.
03 dekabr 2024-cü il tarixdə Bakıda Dərbənd Azərbaycan Dövlət Dram Teatrının 120 illik yubileyi münasibəti ilə tamaşa oynanılıb.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Dərbənd Teatrının yaradıcı heyətinin ifasında M.Mitroviçin «Gecə yarısı soyğunçuluq» pyesi əsasında hazırlanmış «Oğru» komediyası təqdim olunub. Tamaşanın Quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Sərvər Əliyev, quruluşçu rəssam Dağıstan Respublikasının Əməkdar rəssamı Dəmir İsaakov, musiqi tərtibatçısı Dağıstan Respublikasının Əməkdar artisti Sevda Bəybalayevadır.
Rolları Mirzəağa Cum-Cum (Musa), Osman Mirabov (Məsum), Dağıstan Respublikasının Əməkdar artisti Şükufə Məlikova (Səməni), Aygün Nəcəfova (Nazı) və Orxan Əliyev (Polis) ifa ediblər.
Tamaşadan əvvəl Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Dərbənd Teatrını yubiley münasibəti ilə təbrik edib, bu teatrın tarixindən, onun Azərbaycan mədəniyyətinin təbliğindəki əhəmiyyətli rolundan danışıb və Dərbənd Dövlət Dram Teatrını İttifaqın Fəxri fərmanı ilə təltif edib.
Sonra Dərbənd Teatrının direktoru, Dağıstan Respublikasının Əməkdar mədəniyyət işçisi Firdousi Əsgərov və baş rejissor, Azərbaycan Respublikasının Əməkdar artisti Sərvər Əliyev Dərbənd Dövlət Azərbaycan Dram Teatrında uğurlu fəaliyyətinə görə Fəxri fərmanlarla təltif olunublar. Fəxri fərmanlar İttifaqın sədr müavinləri - Xalq artisti, professor İlham Namiq Kamal və Əməkdar artist, professor Azad Şükürov tərəfindən təqdim edilib.