02–09 oktyabr 2025-ci il
Beynəlxalq Teatr Akustikası Məktəbinin tədris sessiyasında iştirak edən gənc sənətçilər AzTXİ-nın rəhbərliyi ilə görüşüblər.
Qazaxıstanın Astana şəhərində keçirilən Beynəlxalq Teatr Akustikası Məktəbinin ikinci tədris sessiyasında iştirak edən gənc sənətçilər Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyi ilə görüşüblər.
Sənətçilər səfərlə bağlı təəssüratlarını bölüşüb, mənimsədikləri bilik və bacarıqların, qazandıqları təcrübənin gələcək yaradıcılıq işlərində tətbiqi barədə danışıblar.
Səfərdən xoş təəssüratlarla qayıdan sənətçilər onlara yaradılan şəraitə görə İttifaq rəhbərliyinə minətdarlıqıarını bildiriblər.
Xatırladaq ki, sessiyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Rusiyanın gənc teatr sənətçiləri iştirak ediblər.
Azərbaycanlı gənclər beynəlxalq tədbirə Azərbaycan Teatr Xadimləri İttifaqının xətti ilə qatılıblar. Ölkəmizi iki rejissor (Ayla Osmanova və Səbinə Məmmədzadə), bir dramaturq (İsmayıl İman), bir xoreoqraf (Niqar Şahmuradova) və dörd aktyor (Asya Atakişiyeva, Məmməd Əlilicanzadə, Emin Sevdimalıyev və Emil Rzayev) təmsil ediblər.
İştirakçılar beynəlxalq pedaqoqlar komandasının rəhbərliyi ilə yaradıcı qruplarda çalışıblar. Pedaqoqlar arasında Viktor Rıjakov, Aleksandr Plotnikov, Vladimir Qusev, Renat Taşimov, İqor Şaroyko və digərləri yer alıb.
İştirakçılar aparıcı rejissorlar və teatr sənəti müəllimlərinin mühazirələrini dinləyib, vokal, xoreoqrafiya, dramaturgiya və video-səhnəqrafiya üzrə ustad dərslərində iştirak ediblər.
09 oktyabr tarixində məktəbin dinləyicilərinin iştirakı ilə “Birdwatching” (“Quş müşahidəsi”) tamaşasının açıq nümayişi baş tutub. İştirakçılara sertifikatlar təqdim olunub.

