14 oktyabr 2025-ci il
"Şükriyyə" tamaşası Gürcüstanda uğurla nümayiş olunub.
Tamaşanın nümayişində Gürcüstanın Mədəniyyət nazirinin müavini, Azərbaycanın Gürcüstandakı Səfirliyinin nümayəndələri iştirak edib.
Gürcü dilində subtitrlə təqdim olunan tamaşa alqışlarla qarşılanıb.
Tamaşadan sonra Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov rəhbərlik etdiyi teatr adından Ş.Rustaveli adına Milli Teatra xalça hədiyyə edib.
Teatrın bədii rəhbəri Robert Sturua tamaşadan sonra kollektivlə görüşüb, uğurlu tamaşa münasibətilə kollektivə təbriklərini çatdırıb.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov Gürcüstanın Əməkdar artisti, Azərbaycan Dövlət mükafatı laureatı, “Ad günü” filmindən tamaşaçılara yaxşı tanış olan David Uplisaşviliyə “Sənətkar” medalını təqdim edib. Tədbir çərçivəsində Gürcüstan tamaşaçılarına Azərbaycan teatr tarixini əks etdirən sərgi nümayiş edilib.
Tamaşa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı arasında bu ilin fevral ayının 22-də imzalanmış beynəlxalq əməkdaşlığa dair Memorandum əsasında baş tutub.

