01 dekabr 2024-cü il
IV Şəki Beynəlxalq Teatr Festivalının açılışı
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Şəki şəhər İcra Hakimiyyətinin və Şəki Dövlət Dram Teatrının təşkilatçılığı ilə Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunmuş IV Şəki Beynəlxalq Teatr Festivalının açılış mərasimi keçirilib.
Mərasimdə görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri və sənətsevərlər iştirak ediblər.
Festival Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluş verdiyi "Heç nədən hay-küy" (U.Şekspir) tamaşası ilə açılıb. Tamaşadan sonra mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov və sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal çıxış edərək Şəki Teatrını yubiley münasibəti ilə təbrik edib, kollektivə uğurlar arzulayıblar. Keçirilən festivalın əhəmiyyətini qeyd edən sənətkarlar tədbirin təşkil olunmasında fəal iştirak edən Şəki şəhər İcra Hakimiyyətinə təşəkkür ediblər. Çıxışın sonunda
Şəki Teatrının baş rejissoru Mirbala Səlimliyə Azərbaycan Teatr Xadimləri İttifaqının "Teatr Xadimi" qızıl medalı, Şəki Teatrına isə xatirə hədiyyəsi təqdim olunub.