>
previous arrow
next arrow
Slider
 

İttifaqın üzvləri

Slider

Azərbaycan Teatr Xadimləri İttifaqinin nizamnaməsi

(ikinci redaksiyada)

Bakı - 2014

 

 

I BÖLMƏ

İTTİFAQIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

1.1.Azərbaycan Teatr Xadimləri İttifaqı (bundan sonra İttifaq adlanacaq) ümumi maraqlar əsasında peşəkar teatr sənəti işçilərini birləşdirən, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında  yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökümət təşkilatıdır və fəaliyyəti bütün ölkə ərazisini əhatə edir.

1.2.İttifaq öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, "Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və bu Nizamnamə əsasınlda həyata keçirir.

1.3.İttifaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır.

1.4.İttifaqın hüquqi ünvanı: Bakı şəhəri, Xaqani küçəsi, 10.

 

II BÖLMƏ

İTTİFAQIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2.1. İttifaqın məqsədi respublikada teatr sənətinin tərəqqisi və inkişafı üçün Azərbaycan teatr xadimlərini birləşdirməkdən ibarətdir.

2.2. İttifaq məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri yerinə yetirir:

-yaradıcılıq proqramlarını həyata keçirir, Azərbaycan teatr sənətinin hərtərəfli inkişafı və Azərbaycan Respublikasında yaşayan xalqların milli teatr mədəniyyətinin qarşılıqlı şəkildə zənginləşməsi ilə bağlı məsələlərin həllinə kömək edir;

-xarici ölkələrin teatr təşkilatları və teatr xadimləri ilə, respublikamızın və xarici dövlətlərin müxtəlif yaradıcılıq təşkilatları ilə əməkdaşlıq edir, Azərbaycan teatr sənətinin nailiyyətlərini təbliğ edir;

-İttifaq üzvlərinə, pensiyaçı və müvəqqəti işləməyən teatr xadimlərinə sosial-yaradıcılıq qayğısı, maddi yardım göstərir, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına köməklik göstərir, işdən ayrılmamaqla İttifaq üzvlərinin sağlamlığının qayğısına qalınmasına kömək edir;

-xaricə nümayəndə heyətləri, teatr kollektivləri göndərir və qəbul edir, teatr xadimlərinin digər ittifaqları və ictimai təşkilatları ilə yaradıcı tədbirlər və sərgilər təşkil edir;

-Nizamnamədə nəzərdə tutulan məqsədləri təmin etmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada təşkilatın yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət edən və bu məqsədlərə uyğun gələn sahibkarlıq fəaliyyətini həyata keçirir, istehsalat-yaradıcılıq birliyinin  işinə rəhbərlik edir və onun fəaliyyətinin forma və metodlarını müəyyənləşdirir, onların rəhbərlərini təyin edir, müəssisələrin fəaliyyət prosesində lazım olan dəyişikliklər aparır.

 

III BÖLMƏ

İTTİFAQIN HÜQUQLARI

İttifaq aşağıdakı hüquqlara malikdir:

-öz adından əqdlər bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış etmək;

-fəaliyyəti barədə məlumatı sərbəst yaymaq;

-Azərbayan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis etmək;

-müxtəlif beynəlxalq qeyri-hökümət təşkilatlarına qoşulmaq, könüllülük prinsipi əsasında birləşərək ittifaqlar yaratmaq, hüquqi şəxslərin ittifaqlarının yaradılmasında iştirak etmək, belə ittifaqlara qoşulmaq;

-banklarda hesablar açmaq və hesablaşmalar aparmaq;

-müstəqil balansa, üzərində adı yazılmış möhürə və digər rekvizitlərə malik olmaq;

-qanunvericiliklə qadağan edilməyən və nizamnamə məqsədlərinə uyğun olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

 

IV BÖLMƏ

İTTİFAQIN ÜZVLƏRİ, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

4.1. Nizamnaməni qəbul edən, teatr sənəti sahəsində ən azı 4 il əmək stajı olan, yüksək sənətkarlıq və etik tələblərə cavab verən, fəal yaradıcılıq fəaliyyəti göstərən teatr xadimi İttifaq üzvü ola bilər.

Müstəsna istedad sahibi olan gənclər daha az stajla İttifaqa qəbul oluna bilərlər. Qərar İdarə Heyəti tərəfindən adi səs çoxluğu ilə qəbul olunur.

4.2.İttifaq üzvlüyünə qəbul qaydalarını İttifaqın İdarə heyəti müəyyən edir.

4.3.İttifaq üzvlüyü stajına Azərbaycan Teatr Cəmiyyətindəki üzvlük dövrü də daxildir.

4.4.İttifaq üzvləri üzvlük haqları ödəyirlər. Üzvlük haqlarının miqdarı İttifaqın İdarə heyəti tərəfindən müəyyən edilir.

İttifaq üzvləri ildə bir dəfə aylıq əmək haqqının 5 faizi həcmində üzvlük haqqı ödəyirlər.

Teatr sahəsində öz yaradıcılıq və qulluq fəaliyyətini davam etdirməyən, həmçinin uşağa qulluqla əlaqədar məzuniyyətdə olan, yaxud müvəqqəti işləməyən İttifaq üzvləri onlar üçün İdarə Heyəti tərəfindən müəyyən olunmuş miqdarda güzəştli üzvlük haqqı verirlər.

Əmək fəaliyyətini davam etdirən təqaüdçülər müvafiq qaydada üzvlük haqqı ödəyirlər.

İşləməyən təqaüdçülər üzvlük haqqı ödəməkdən azad olunurlar.

Üzrlü səbəb olmadan 1 il üzvlük haqqı ödəməyənlər İttifaq üzvlüyündən xaric olunurlar.

4.5.İttifaq üzvləri müəyyən olunmuş nümunə əsasında vahid üzvlük bileti alırlar.

4.6.İttifaq üzvləri:

-İttifaqın rəhbər orqanlarına seçmək və seçilmək;

-İttifaq və onun tabeliyində olan təşkilat, müəssisə və idarələrin işinin yaxşılaşdırılması üçün İttifaqın müvafiq orqanlarına təkliflər vermək;

-İttifaqın verə biləcəyi bütün yaradıcılıq, konsultativ, hüquqi, maddi, sosial və metodiki köməklik növlərindən istifadə etmək hüququna malikdirlər.

4.7. İttifaq üzvü:

-İttifaqın Nizamnaməsinə riayət etməyə;

-İttifaqın rəhbər orqanlarının qərarlarını yerinə yetirməyə;

-öz yaradıcılığı ilə çoxmillətli Azərbaycan səhnə sənətinin yüksək estetik və mənəvi ənənələrini qorumağa və inkişaf etdirməyə;

-vaxtlı-vaxtında üzvlük haqlarını ödəməyə borcludur.

4.8.Nizamnamə tələblərini pozmağa görə İttifaq üzvünə İdarə heyəti tərəfindən aşağıdakı tənbeh tədbirlərindən biri tətbiq oluna bilər:

-məzəmmət olunma;

-İttifaq üzvlüyündən xaric etmə.

 

V BÖLMƏ

İTTİFAQIN TƏŞKİLATİ QURULUŞU

5.1.İttifaqın ali idaretmə orqanı, qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, ildə bir dəfədən az olmayaraq çağırılan Konfransdır.

5.2.Konfransda nümayəndəlik norması İttifaqın İdarə heyəti tərəfindən müəyyən olunur. Konfrans nümayəndələri İttifaqın yerli təşkilatlarının iclas və ya konfranslarında alternativ əsasda, açıq və ya gizli səsvermə yolu ilə seçilirlər.

5.3.Seçilmiş nümayəndələrin ən azı üçdən ikisi iştirak etdikdə Konfrans səlahiyyətli hesab olunur.

5.4.Növbədənkənar Konfrans İttifaqın sədrinin və ya İttifaq üzvlərinin üçdən birinin təşəbbüsü ilə çağırıla bilər.

5.5.İttifaqın Konfransı:

-İttifaqın fəaliyyətinin əsas istiqamətlərini, proqram və inkişaf perspektivlərini müəyyənləşdirir;

-İttifaqın Nizamnaməsini qəbul edir, ona dəyişiklik və əlavələr edir;

-İttifaqın sədrinin və Təftiş Komissiyasının hesabatlarını dinləyir;

-açıq və ya gizli səsvermə yolu ilə alternativ əsaslarla 5 il müddətinə İttifaqın sədrini və onun müavinlərini seçir;

-İttifaqın İdarə heyətinin tərkibini təsdiq edir;

-açıq və ya gizli səsvermə yolu ilə alternativ əsaslarla 5 il müddətinə İttifaqın Təftiş Komissisyasının sədrini və üzvlərini seçir;

-İttifaqın yenidən təşkil və ya ləğv edilməsi haqqında qərar qəbul edir;

-İttifaqın fəaliyyətinə dair digər məsələləri həll edir.

5.6.Nizamnamənin qəbul olunması, ona əlavə və dəyişikliklər edilməsi, İttifaqın yenidən təşkil və ləğv edilməsi barədə qərarlar Konfrans iştirakçılarının üçdə iki səs çoxluğu, digər məsələlər barədə qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

5.7.İttifaqın daimi fəaliyyət göstərən icra orqanı İttifaqın İdarə heyətidir.

5.8.İdarə heyəti İttifaqın sədrindən, onun müavinlərindən və Konfrans tərəfindən təsdiq edilən dörd üzvdən (cəmi 7 üzvdən) ibarətdir. İdarə heyətinə üzv seçilmiş İttifaq üzvləri yeni müddətə təkrar seçilə bilərlər.

5.9.İdarə heyətinin iclasları 5 ayda bir dəfədən az olmamaqla İttifaqın sədri və ya İdarə heyəti üzvlərinin azı 1/5-nin təşəbbüsü ilə çağırılır. Üzvlərin 2/5 hissəsi iştirak etdikdə İdarə heyəti səlahiyyətli hesab olunur. İdarə heyətinin iclaslarına İttifaqın sədri, o, olmadıqda isə onun müavinlərindən biri tərəfindən sədrlik edilir. İclaslarda baxılan məsələlər üzrə qərarlar sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər bölündükdə qərar qəbul edilməmiş sayılır. Sədrlik edən sonuncu səs verir.

5.10.İdarə heyəti:

-konfranslararası dövrdə İttifaqın fəaliyyətinə cari rəhbərliyi həyata keçirir;

-aparatın ştat cədvəlini təsdiq edir;

-öz səlahiyyəti daxilində İttifaqın vəsaiti və əmlakı üzərində sərəncam verir;

-İttifaq tərəfindən hüquqi şəxslərin yaradılması və ya onların ləğv edilməsi barədə qərarlar qəbul edir;

-İttifaqın tabeliyində olan hüquqi şəxslərin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onların hesabatlarını dinləyir;

-İttifaqın filiallarını və nümayəndəliklərini yaradır, onların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir;

-İttifaqın Konfransının çağırılması barədə qərar qəbul edir;

-Konfransa nümayəndəlik normasını müəyyən edir;

-İttifaq üzvləri barədə intizam tənbehi tətbiq edir;

-Konfransın müstəsna səlahiyyətlərinə aid olmayan digər məsələləri həll edir.

5.11.İttifaqın sədri:

-ölkə daxilində və xarici ölkələrdə İttifaqı təmsil edir;

-İttifaqın icra aparatını formalaşdırır və ona rəhbərlik edir;

-etibarnamələr verir;

-aparatın əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad edir;

-öz səlahiyyətləri daxilində İttifaqın maliyyə vəsaiti üzərində sərəncam verir;

-İttifaqın konfranslarına hesabat verir;

-Konfransın və İdarə heyətinin müstəsna səlahiyyətlərinə aid olmayan digər məsələləri həll edir.

5.12.İttifaqın sədri bu Nizamnamə ilə ona verilmiş səlahiyyətlərin bir hissəsinin icrasını müavinlərinə həvalə edə bilər. İttifaqın sədri və onun müavinləri həmin vəzifəyə təkrar seçilə bilər.

5.13.Sədrin müavinlərinin səlahiyyətlərinə aid olan məsələlər İttifaqın İdarə heyəti tərəfindən müəyyən edilir.

5.14.Təftiş Komissisyası İttifaqın nəzarət orqanıdır.

5.15.İttifaqın Təftiş Komissiyasının üzvləri Konfrans tərəfindən İttifaqın üzvləri sırasından azı 5 nəfər olmaqla 5 il müddətinə seçilir. İttifaqın sədri və onun müavinləri, İdarə heyətinin üzvləri, İttifaqın aparatının işçiləri, Təftiş Komissiyasına üzv seçilə bilməzlər. Təftiş Komissiyasına üzv seçilmiş İttifaq üzvləri yeni müddətə təkrarən seçilə bilərlər.

5.16.Təftiş Komissiyasına İttifaqın Konfransı tərəfindən 5 il müddətinə seçilən sədr rəhbərlik edir. Təftiş Komissiyasının sədri həmin vəzifəyə təkrar seçilə bilər.

5.17.Təftiş Komissiyasının sədri:

-Komissiyanın işini təşkil edir, Komissiyanın iclaslarını çağırır və iclasa sədrlik edir;

-İttifaqın İdarə heyətinin iclaslarında məşvərətçi səs hüququ ilə iştirak edir;

-İttifaqın sədrinin qərarları (sərəncamları) Azərbaycan Respublikasının qanunvericiliyinə və Nizamnaməyə zidd olduqda həmin qərarların (sərəncamların) icrasını dayandırır və mübahisəli məsələni İdarə heyətinin növbəti iclasının gündəliyinə daxil edir;

-İttifaqın Konfransına hesabat verir.

5.18.Təftiş Komissiyasının sədri öz səlahiyyətlərini ondan asılı olmayan səbəbdən yerinə yetirə bilmədikdə onun funksiyalarını həmin səbəb aradan qalxanadək və ya İttifaqın növbəti Konfransınadək Təftiş Komissiyasının üzvlərindən biri icra edir.

5.19.Təftiş Komissiyasının iclasları ildə bir dəfədən az olmamaqla keçirilir. Üzvlərin azı 2/5 hissəsi iştirak etdikdə iclas səlahiyyətli sayılır. Qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə sədrin səs verdiyi qərar qəbul edilmiş sayılır. İclasın gedişi protokolla rəsmiləşdirilir. Protokol sədr tərəfindən imzalanır.

5.20.İttifaqın Təftiş Komissiyası:

-qüvvədə olan qanunvericiliyin və Nizamnamənin tələblərinə əməl olunmasına nəzarət edir;

-İttifaqın rəhbər orqanlarının qərarlarının icra olunmasına nəzarət edir;

-hər il İttifaqın və onun tabeçliyində olan müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayır;

-aparılmış yoxlamanın nəticələrinə dair materialları İttifaqın İdarə heyətinə təqdim edir;

-hər il görülən işlər barədə İttifaqın İdarə heyətinə məlumat verir;

-öz fəaliyyəti barədə İttifaqın Konfransına hesabat verir.

 

VI BÖLMƏ

İTTİFAQIN FİLİAL VƏ NÜMAYƏNDƏLİKLƏRİ

6.1.İttifaq Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallarını yarada, nümayəndəliklərini aça bilər.

6.2.İttifaqın filialı və nümayəndəliyi hüquqi şəxs deyil və İttifaqın İdarə heyətinin təsdiq etdiyi Əsasnaməyə əsasən fəaliyyət göstərirlər.

6.3.Filial və nümayəndəliyin rəhbərləri İttifaqın İdarə heyəti tərəfindən təyin edilirlər.

 

VII BÖLMƏ

İTTİFAQIN ƏMLAKI

7.1.İttifaqın mülkiyyətində və ya idarəçiliyində qanunvericiliklə qadağan olunmayan əmlak ola bilər.

7.2.İttifaqın əmlakının pul və digər şəkildə formalaşdırma mənbələri aşağıdakılardır:

-İttifaq üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;

-könüllü əmlak haqları və ianələri;

-malların satışından, xidmətlər göstərilməsindən daxilolmalar;

-səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər;

-öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

-qrantlar;

-qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər.

 

VIII BÖLMƏ

İTTİFAQIN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ

8.1.İttifaqın fəaliyyətinə İttifaqın yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ya İttifaqın ləğv edilməsi yolu ilə xitam verilir.

8.2.İttifaqın yenidən təşkili və ya ləğv edilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

8.3.İttifaqın ləğv edilməsi ilə bağlı bütün əmlak məsələləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur.

 

IX BÖLMƏ

DİGƏR ŞƏRTLƏR

9.1.Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.

9.2.Gələcəkdə bu Nizamnamənin müddəaları qanunveiciliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.

 

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı