15 mart 2025-ci il
Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu - 75
15 mart 2025-ci il tarixdə Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun 75 illik yubileyinə və yaradıcılığının 50 illiyinə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirilən tədbirdə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yubiley tədbirinə dəvət olunan qonaqlar - Xalq şairləri Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, yazıçı-publisist Hümbət Həsənoğlu, rəssam Hüseyn Mirtəqevi çıxış edərək yubilyarı təbrik edib, onun həyat və yaradıcılığından, Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıblar.
Xalq artisti Hacı İsmayılov Ağalar İdrisoğlu haqqında səmimi fikirlər səsləndirib və onu Teatr Xadimləri İttifaqının “Teatr fədaisi” medalı ilə təltif edib.
Təbriklərdən sonra yubilyarın quruluşunda bolqar dramaturqu Panço Pançevin “Dörd əkizin nağılı” adlı pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa oynanılıb.