Mustafa Mərdanov
(1894 - 1968)
Azərbaycan Respublikasının Xalq artisti.
1962-1969-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin sədri olmuşdur.
Mustafa Həşım oğlu Mərdanov 1894-cü ildə Cənubi Azərbaycanda — Mərənddə dünyaya göz açmışdı. Amma o hələ uşaqkən ailələri Tiflisə köçmüş və 1924-cü ilə qədər burada yaşamışdılar. Tiflisin mədəni mühiti onun həyata baxışını hələ uşaqkən formalaşdırmışdı. Azərbaycanın formalaşmış aktyor məktəbi Mustafa Mərdanov üçün də əsl təcrübə məktəbinə çevrildi. Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli və onlarla sənət korifeylərindən öyrəndikləri bu aktyorun sənət yoluna işıq saldı, onu yeni yaradıcılıq axtarışlarına ruhlandırdı.
Tiflis teatrında "Hacı Qara"da Kərəməli, "Yağışdan çıxdıq yağmura düşdük"- də Hacı Qəmbər, "Nadir şah"da Ədhəm kimi rolları yaradan aktyor, Bakı teatrında daha ciddi rollar oynadı.
O vaxtlar Mustafa Mərdanovun Xlestakovunu ("Müfəttiş") qəzetlər kifayət qədər tərifləyirdilər. İmamverdi ("Sevil"), Luka ("Həyatın dibində"), Şmaqa ("Günahsız müqəssirlər"), Poloni ("Hamlet") və onlarla səhnə qəhrəmanları onun ifasında dəfələrlə dram teatrının səhnəsində tamaşaçı alqışları ilə qarşılanmışdır. Mustafa Mərdanovun teatr yaradıcılığı böyük bir dövrü əhatə edir. O, teatra gəlişi ilə milli aktyorluq sənətimizi zənginləşdirdi, ona yeni rənglər, çalarlar gətirdi.
O bütün ruhu, qəlbi ilə azərbaycanlı idi. Yaratdığı obrazların hər birində milli ruh hakimdir.
Mustafa Mərdanov teatrda işlədiyi vaxtlar tez-tez filmlərdə də çəkilməyə dəvət alırdı. Çünki onun aktyor plastikası, sifət cizgiləri, obrazı qavramaq bacarığı kino aktyoru üçün olduqca vacib idi.
Muzdur Qulu ("Bismillah") onun kinoda ilk rolu idi. Bu film Abbas Mirzə Şərifzadənin ilk rejissor işi kimi çox qiymətlidir. Səssiz kinomuzun dəyərli nümunələrindən olan bu film 1925-ci ildə Bakı ekranlarına çıxarılmış və orada Mustafa Mərdanov maraqlı rol ifa etmişdi. Sonralar onu daha tez-tez filmlərə dəvət edirdilər. Aktyor 1929-cu ildə çəkilən "Sevil" filmində Atakişi rolunu ifa etdi.
Bu böyük sənətkarın kinomuzda ən uğurlu rollarından biri "O olmasın, bu olsun" filmindəki "intelligent" Həsən bəy oldu. "Əhməd hardadır?" filmində Məhəmməd kişi rolu da Mustafa Mərdanovun yaradıcılığında xüsusi əhəmiyyət daşıyır.
Bu, aktyorun ömrünün yetkin çağında yaratdığı son rollardan biri idi. 1968-ci ildə "Qanun naminə" filmində yaratdığı Murtuzov obrazı aktyorun sоn rolu oldu.