Azər Paşa Nemətov
(1947 - 2023)
13 avqust 1947-ci ildə Bakıda, görkəmli teatr rejissoru, Əməkdar incəsənət xadimi Zəfər Nemətovun ailəsində anadan olmuşdur. 1970-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Teatr rejissoru» fakültəsini, SSRİ Xalq artisti Mehdi Məmmədovun kursunu bitirmişdir.
Yaradıcılıq fəaliyyətinə 1972-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından başlayan rejissor həmin teatrda müxtəlif illər ərzində rejissor assistenti, quruluşçu rejissor, baş rejissor, bədii rəhbər vəzifələrində çalışmış, bu teatrın inkişafında çox böyük xidmətlər göstərmişdir.
A.Z.Nemətov 1974-76-cı illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Leninqrad Dövlət Gənc Tamaşaçılar Teatrında iki il rejissor-stajor vəzifəsində çalışmış, daha sonra dəfələrlə Yunanıstan, Türkiyə, Rusiya, Gürcüstan kimi ölkələrdə teatr festivallarında, konfranslarda və digər teatr forumlarında iştirak etmişdir.
1990-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan rejissorun bu teatrda hazırladığı tamaşalar öz orijinallığı, yeniliyi ilə fərqlənmiş, teatr mühitində əks-səda doğurmuş, teatr ictimaiyyətinin böyük marağına səbəb olmuşdur.
Azər Paşa Nemətov öz yaradıcılığında müasir dünya avanqard teatrının və Azərbaycan milli teatrının xüsusiyyətlərini ustalıqla birləşdirir. Qeyri-adi yaradıcı düşüncəyə, yuksək bədii zövqə malik olan rejissorun quruluş verdiyi tamaşalar nəinki Azərbaycanda, habelə ölkəmizin hüdudlarından kənarda, o cümlədən Daşkənddə, Tbilisidə, Moskvada keçirilən beynəlxalq teatr festivallarında, həmçinin Türkiyədə keçirilən Qara dəniz ölkələri festivalında və Osmanlı dövlətinin yaranmasının 700 illiyinə həsr olunmuş I Türk dünyası teatrları festivalında uğurla göstərilmiş və yüksək mükafatlara layiq görülmüşdür.
Güclü musiqi duyumu ilə yanaşı, yüksək rəssamlıq istedadına malik olan rejissor ölkəmizin müxtəlif teatrlarında və həmçinin keçmiş sovetlər birliyinin müxtəlif şəhərlərində quruluş verdiyi çox sayda yüksək səviyyəli tamaşalarda həm də istedadlı rəssam kimi şöhrətlənmişdir. Onun əsərləri teatr rəssamlarının Ukraynada keçirilən sərgisində və Azərbaycanda keçirilən teatr rəssamlarının I biyennal sərgisində nümayiş etdirilmişdir.
Azər Paşa Nemətov İttifaqa rəhbərlik etdiyi müddət ərzində bir sıra festivalların, yubileylərin və digər teatr tədbirlərinin təşkilinə müvəffəqiyyətlə rəhbərlik etmişdir. Onun rəhbərliyi dövründə Az.TXİ ölkənin teatr həyatında mühüm rol oynayan təşkilata çevrilmişdir.
Teatr sənəti sahəsində xidmətlərinə görə ona 1987-ci ildə «Əməkdar incəsənət xadimi», 2002-ci ildə «Xalq artisti» fəxri adları verilmişdir. 1997-ci ildə «Humay» milli ictimai mükafatına, 1998 və 2003-cü illərdə «Qızıl Dərviş» mükafatına, 2007-ci ildə «Şöhrət ordeni»nə layiq görülmüşdür.
Azər Paşa Nemətov 9 aprel 2023-cü ildə Bakıda vəfat etmişdir. Məzarı İİ Fəxri Xiyabandadır.
Quruluş verdiyi tamaşalar
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında:
«İki qayın ağacı» (Yevgeni Şvarts)
«Pin və Qvin» (Kim Meşkov)
«Bumbaraş» (Yevgeni Mitko və Yura Mixaylov)
«Buraxılışın son gecəsi» (Vladimir Tendryakov)
«Necəsən, cavan oğlan?» (Şandor Samodi Toot)
«Keçən ilin son gecəsi» (Anar)
«Təmas» (Rüstəm İbrahimbəyov)
«Öz adamlarımızdır, düzəlişərik» (Aleksandr Ostrovski)
«Buratinonun səfehlər ölkəsində macəraları» (Aleksey Tolstoy)
«Danabaş kəndinin məktəbi» (Cəlil Məmmədquluzadə)
«Fudziyama dağında qonaqlıq» (Çingiz Aytmatov və Kaltay Məmmədcanov)
«Öz kefinə gəzən pişik» (Redyard Cozef Kiplinq)
«Yelkənlər üstündə nəğməli külək» (Karlo Qotsi)
«Şapginin sərsəm günü» (Mixail Zoşşenko)
«Sabah çoxdan başlanıb» (Rəhman Əlizadə)
«Yuxulama» (Kamal Aslanov)
Leninqrad Gənc Tamaşaçılar Teatrında:
«Bütün yaxşılıqlar üçün ölüm» (Maqsud İbrahimbəyov)
«Üçüncü imperiyanın iflası» (Bertold Brext)
Arxangelsk Dövlət Dram Teatrında:
«Qum üzərində ev» (Rüstəm İbrahimbəyov)
Tallin Gənc Tamaşaçılar Teatrında:
«Şəhərin yay günləri» (Anar)
«Yuxulama» (Kamal Aslanov)
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:
«Biganələr oteli» (Rüstəm İbrahimbəyov)
«Tufandan əvvəl» (Arif Süleymanov)
«Ah, Paris… Paris», «Mənim sevimli dəlim», «Diaqnoz "D"» (Elçin)
«Hamlet», «On ikinci gecə» (Uilyam Şekspir)
«Boy çiçəyi» (İlyas Əfəndiyev)
«Şah Qacar», «Ah, bu uzun sevda yolu» (Əli Əmirli)
«Ölülər» (Cəlil Məmmədquluzadə)
«Almaz» (Cəfər Cabbarlı)
Səhnə tərtibatı verdiyi tamaşalar:
«Təmas», «Kabinet əhvalatı» (Rüstəm İbrahimbəyov)
«Şəhərin yay günləri» (Anar)
«Şapkinin sərsəm günü» (Mixail Zoşşenko)
«Bobok» (Elçin Məmmədovla birgə) (Fyodor Dostoyevski)
«Bekarçılıq kontoru» (Seyfəddin Dağlı)
«Mənim qızım Nyuşa» (Yuri Yakovlev)
«Hamlet», «Afinalı Timon», «On ikinci gecə» (Uilyam.Şekspir)
«Boy çiçəyi» (İlyas Əfəndiyev)
«Şah Qacar» (Əli Əmirli)
«Ölülər» (Cəlil Məmmədquluzadə)
«Almaz» (Cəfər Cabbarlı)
Musiqi tərtibatı verdiyi tamaşalar:
«Necəsən, cavan oğlan?» (Şandor Şamodi Toot)
«Keçən ilin son gecəsi» (Anar)
«Öz adamlarımızdır, düzəlişərik» (Aleksandr Ostrovski)
«Allah olmaq mümkün deyil» (Kamal Aslanov)
«Fudziyama dağında qonaqlıq» (Çingiz Aytmatov və Kaltay Məmmədcanov)