İttifaqın bölgələr üzrə təmsilçiləri. Gəncə
ƏLİ QASIMOV
Əli Teymur oğlu Qasımov 1956-cı ildə Qazax rayonunda anadan olmuşdur.
1981-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakultəsini bitirmişdir.
Əli Qasımov 1981-ci ildən Gəncə Dövlət Dram teatrında aktyor kimi fəaliyyətə başlamışdır. İşlədiyi müddətdə bir çox tamaşalarda - S.Vurğunun "Vaqif" dramında Vəzir, M.Kərimin "Odu atma, Prometey" əsərində Birinci Allah, O.Kamalın "Yad qızı" əsərində qarson Rza, "Doğmalar" tamaşasında Atabala, A.Məmmədovun "Sabir dərdi" satirik komediyasında M.Ə.Sabir və s.yaddaqalan obrazlar yaratmışdır.
Bir müddət sonra Ə.Qasımov inzibati işə keçmişdir. O, 1994-1999-cu illərdə Gəncə Dövlət Dram Teatrında baş inzibatçı, 1999-2001-ci illərdə direktor müavini vəzifəsində işləmiş, 2001-2008-ci illərdə Nizami Poeziya Teatrının direktoru olmuşdur. 2008-ci ilin sentyabr ayından Gəncə Dövlət Dram Teatrının direktoru vəzifəsində çalışır.
Əli Qasımov son illərdə Gəncədə keçirilən ümumşəhər tədbirləri üçün N.Gəncəvinin qəzəlləri əsasında "N.Gəncəvi - 860", B.Vahabzadənin "Şəhidlər", A.Qurbanovun "Əbədi məşəl", S.Salehin "Azadlıq atası" poemalarının əsasında bir çox ədəbi-bədii kompozisiyaların ssenarisini yazmış və həmin tədbirlərin keçirilməsinə rəhbərlik etmişdir.
2012-ci ildə "Azərbaycanın Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.