>
previous arrow
next arrow
Slider
 
Slider

İdarə heyətinin üzvləri. Mərahim Fərzəlibəyov

İdarə heyətinin üzvləri

Mərahim Fərzəlibəyov

Mərahim Fərzəli oğlu Fərzəlibəyov 26 iyun 1949-cu ildə Bakıda anadan olub.

Leninqrada (indiki Sankt-Peterburq şəhəri) Dövlət Teatr, Musiqi Kinematoqrafıya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. İnstitutda təhsilini başa vurandan sonra təyinatı Çeçenistan Muxtar Respublikasının paytaxtı Qroznı şəhərindəki Mixail Lermontov adına Dövlət Rus Dram Teatrına verilib. Mövcud təyinat qaydasına əsasən iki il bu teatrda quruluşçu rejissor işləyib (16 noyabr 1975 – 18 avqust 1977).

Sonra Sumqayıt Dövlət Dram Teatrında baş rejissor (1 noyabr 1977 – 9 mart 1981) işləyib. Azərbaycan Mədəniyyət Nazirliyinin əmri ilə Akademik Milli Dram Teatrına rejissor təyin olunub (9 mart 1981). Burada əsasən çağdaş Azərbaycan dramaturqlarının, həmçinin dünya klassiklərinin əsərlərinə müxtəlif janrlarda səhnə quruluşları verib.

Dəvətlə Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəriman Həsənzadənin "Pompeyin Qafqaza yürüşü" və "Atabəylər", Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Marat Haqverdiyevin "Məhəbbət, şeytan və lambada" (8 iyun 1991) və "Ləyaqət" (19 mart 1982) pyeslərini tamaşaya hazırlayıb. 1980-ci illərin əvvəllərində Cəfər Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasının nəzdində fəaliyyət göstərən Kino-Aktyor Teatrı truppası ilə birlikdə Məmməd Muradın "Təkan" ("Köksüz budaqlar"), Tofiq Kazımovun tərcüməsində Qarsiya Lorkanın "Qanlı toy", Qeybulla Rəsulovun çevirməsində Aleksandr Nikitinin "Abşeronda bir gecə" pyeslərinin tamaşalarını oynayıb.

12 yanvar 2006-cı ildə, Respublika Mədəniyyət Nazirliyinin əmri ilə Akademik Milli Dram Teatrına baş rejissor təyin olunub. 12 may 2010-cu ildə öz xahişi ilə teatrın baş rejissoru vəzifəsindən azad edilib. 2018-ci ildən Bakı Bələdiyyə Teatrının baş rejissorudur.

Teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə, rejissorluqda qazandığı nailiyyətlərə görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 28 oktyabr 2000-ci ildə isə xalq artisti fəxri adları ilə təltif olunub.10 iyul 2019-cu ildə Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. 2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub.

2024-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin üzvüdür.

 

 

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı