10 mart 2026-cı il
Milli Teatr Günü
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə Azərbaycan peşəkar milli teatrının yaradılmasının 153-cü ildönümü qeyd edilib.
Bu əlamətdar tarix ölkə Prezidenti, cənab İlham Əliyevin “Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında” 1 mart 2013-cü il tarixli Sərəncamı ilə hər il rəsmi şəkildə qeyd olunur.
Sənət bayramında Azərbaycanla yanaşı, Türkiyə və Qazaxıstanın teatr xadimləri, bu sahə üzrə aparıcı qurumların rəhbər və nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində Mədəniyyət Naziri, cənab Adil Kərimli Azərbaycanın və qardaş ölkələrin teatr təmsilçiləri ilə görüşüb.
Milli Teatr Günü münasibəti ilə keçirilmiş təntənəli tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin təbriki oxunub, türkdilli ölkələrin teatr nümayəndələri çıxış edib, ötən teatr mövsümündə uğurlu fəaliyyət göstərən, yubiley yaşları tamam olan teatr xadimləri mükafatlandırılıb, teatrın fəaliyyəti ilə bağlı videoçarx və Azərbaycanın türkdilli ölkələrlə əlaqələrini əks etdirən sərgi təqdim olunub.
Tədbirdə Dövlət Rəqs Ansamblı, Xalq artistləri Gülyanaq Məmmədova və Samir Cəfərov çıxış ediblər. Gecədə həmçinin Qazaxıstandan olan aktyorların ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşasından səhnə oynanılıb.
Tədbirin ikinci hissəsində Mədəniyyət Nazirliyinin və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilmiş “Zəfərdən qələmə” pyes müsabiqəsinin qalibi Pərviz Seyidlinin müəllifi olduğu, bəşəriyyətin ən böyük fatehlərindən biri – Əmir Teymurun həyatından, döyüş yolundan və fəthlərindən bəhs edən, milli kimlik mövzusunda “LƏNG: zamanla yarışan insan” tamaşası (rejissor Bəhruz Vaqifoğlu) göstərilib.

