10 mart 2021-ci il
Milli Teatr Günü
10 mart 2021-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqında Azərbaycan peşəkar milli teatrının 148 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov, Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin müdiri Fərəh Acalova, görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak etdilər.
Tədbirdən əvvəl Nazir Anar Kərimov Aktyor evi ilə tanış oldu, İttifaqın rəhbərliyi ilə gələcək birgə fəaliyyət haqqında söhbət apardı. Sonra o, incəsənət xadimləri ilə səmimi söhbət etdi və media nümayəndələrinin suallarını cavablandırdı.
Tədbirin əvvəlində iştirakçılar Teatr Xadimləri İttifaqına həsr olunmuş mahnının müşayiəti ilə videokollaja baxdılar. 1971-ci ildə Aktyor evinin açılışı münasibəti ilə yazılmış mahnı (mus: Tofiq Quliyev, söz.: Əliağa Kürçaylı) Xalq artisti Siyavuş Kəriminin yeni aranjimanında, müğənni Aysel İbrahimovanın ifasında səsləndi.
Görüntülərdən sonra Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri Azər Paşa Nemətov qonaqları salamladı, Milli Teatr Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi: "Çox sevinirəm ki, hamınız bu tədbirə şux əhval-ruhiyyədə gəlmisiniz. Biz bu günü böyük salonda qeyd etmək istəyirdik. Təəssüf ki, mövcud pandemiya şəraiti buna icazə vermir. Əvvəllər Milli Teatr Gününü partizan kimi gizlin keçirirdik. Sonra Ulu Öndər Heydər Əliyev icazə verdi ki, bu günü bayram kimi qeyd edək. Dövlət başçısı İlham Əliyev isə Milli Teatr Günü ilə bağlı sərəncam imzaladı..." 2020-ci ilin Zəfər ili kimi tarixə düşdüyünü qeyd edən A.Nemətov Dövlətin teatrlara qayğısından söz açdı, Şuşada, Füzulidə, Ağdamda da yeni teatrların inşa ediləcəyini, burada çalışanların müasir avadanlıqlarla təchiz edilmiş teatrlarda fəaliyyət göstərəcəyini bildirdi.
Sonra o, sözü Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimova verdi.
Nazir tədbir iştirakçılarını və teatrsevərləri təbrik etdi: "Bu gün peşəkar Azərbaycan teatrının 148 yaşı tamam olur. Lakin Azərbaycanda teatr sənətinin kökləri çox qədimdir. Xalqın əmək fəaliyyəti, həyat tərzi, dünyagörüşü, dini inam və inancları ilə bağlı olan bayramlar, ayin və mərasimlər, oyun və rəqslər hərəkət, xor və dialoq kimi teatr elementləri ilə zəngin olub.
Zəngin və mürəkkəb tarixi yol keçən Azərbaycan teatrının müasir inkişaf səviyyəsinə çatmasında görkəmli dramaturqlar, aktyor və rejissorlar böyük rol oynayıblar. Həsən bəy Zərdabinin, Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun, Nəriman Nərimanovun, Hüseyn Cavidin, Cəfər Cabbarlının, İlyas Əfəndiyevin teatr sahəsində xidmətləri danılmazdır".
A.Kərimov əlavə etdi ki, torpaqlarımızın işğalı olunması, Xocalı soyqırımı, 90-cı illərdə baş verən digər proseslər təbii ki, teatra təsirsiz ötüşməyib: "İrəvən, Ağdam, Şuşa və Füzuli teatrları işğal dövründə öz doğma yerlərindən didərgin düşdülər. Şükürlər olsun ki, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin siyasi iradəsi və qətiyyətli mövqeyi ilə şanlı ordumuz 30 il davam edən işğala və həsrətə son qoydu. Qarşıda duran əsas məsələlərdən biri də bu tarixi teatrları yenidən öz məskəninə qaytarmaqdır. Bu istiqamətdə işlər aparılır. Sözügedən teatrlar doğma yerlərində fəaliyyətlərini davam etdirəcəklər".
Nazir qeyd etdi ki, Azərbaycanda teatr fəaliyyətinin hüquqi-normativ bazasının formalaşdırılıması da mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir: "Ölkə Prezidentinin imzaladığı “Teatr və teatr fəaliyyəti haqqında” Qanun (2006), “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam (2007), “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı (2009) və digər sənədlər dövlətimizin teatr sahəsinə olan daimi diqqətini göstərir, teatr prosesinin inkişafına xidmət edir".
A.Kərimov multikultural dəyərlərin təşviq olunduğu ölkədə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı və Qax Dövlət Gürcü Dram Teatrının fəaliyyət göstərdiyini də diqqətə çatdırdı: "Bir vaxtlar Azərbaycanda Yəhudi Teatrı da fəaliyyət göstərib. Biz gələcəkdə onun da bərpasına çalışacağıq".
Azərbaycan teatrının tarixi inkişaf mərhələlərindən söz açan Nazir bildirib ki, pandemiya səbəbindən teatrlar ən çətin dövrünü yaşayır, yaradıcı heyət öz istedadını nümayiş etdirə bilmir: "Ümid edirəm ki, pandemiya tezliklə bitəcək və Azərbaycan teatrları yenidən canlanacaq, öz qonaqlarını yeni tamaşaları ilə sevindirəcək".
Mədəniyyət Naziri Anar Kərimovun çıxışından sonra Aparıcı – Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov qonaqları salamladı, bayram münasibəti ilə hamını təbrik etdi. Sonra "Sənətkar" medalının təqdimatı başlandı.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov İttifaqın İdarə heyətinin qərarı ilə görkəmli heykəltəraq, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, "Heydər Əliyev" ordeni laureatı, Xalq rəssamı Ömər Eldarovun Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri üzvlüyünə qəbul olunduğunu və "Sənətkar" medalı ilə təltif olunduğunu elan etdi, üzvlük kitabçasını və "Sənətkar" medalını Ömər Eldarova təqdim etdi.
Sonra Xalq artistləri Həmidə Ömərova, Mənsum İbrahimov, Məmmədsəfa Qasımov, Qurban İsmayılov, Elmira İsmayılova, Vidadi Əliyev, Sənətşünaslıq elmləri doktoru, professor İlham Rəhimli, Əməkdar incəsənət xadimi Hafiz Quliyev, Əməkdar artistlər Sənubər İskəndərli və Xudayət Əsgərov "Sənətkar" medalı ilə təltif olundular.
Təltiflər arası "Heydər Əliyev və teatr", "İlham Əliyev və teatr" kollajları göstərildi.
Sonda Aparıcı bir daha hamını bayram münasibəti ilə təbrik etdi. Tədbir Müslüm Maqomayevin "Azərbaycan" mahnısı və Vətən müharibəsində qələbəyə həsr olunmuş görüntülərlə yekunlaşdı.