8 noyabr 2017-ci il
Ağasadıq Gəraybəyli - 120
8 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə görkəmli teatr və kino aktyoru, Xalq artisti Ağasadıq Gəraybəylinin anadan olmasının 120 illiyi münasibəti ilə yubiley gecəsi keçirilmişdir. Akademik Milli Dram Teatrında mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin, sənətkarın ailə üzvlərinin iştirakı ilə keçirilən tədbirə gələnlər əvvəlcə teatrın foyesində sənətkarın ömür yolu və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olmuşlar.
Gecədə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev sənətkarın 120 illik yubileyi münasibəti ilə dövlət başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamından danışmış, Ağasadıq Gəraybəylinin yaradıcılığı haqqında ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, 1933-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan sənətkar "Müfəttiş", "Nişanlı qız", "Əliqulu evlənir", "Ölülər", "Aydın", "Yurdsuz insanlar", "Od gəlini", "Fərhad və Şirin", "Ovod" və digər səhnə əsərlərində bir-birindən fərqli obrazlar yaratmış, müxtəlif vaxtlarda "Qızmar günəş altında" filmində Sərdarov, "Leyli və Məcnun"da İbn Xalid, "Yaşamaq gözəldir, qardaşım"da Dayı, "Poçt qutusu"nda Bəy, "Ulduzlar sönmür"də Jandarm, "Bizim küçənin oğlanları"nda Rüstəm kişi və s. rollarda çıxış etmişdir.
Sonda aktyorun ailəsi adından nəvəsi - Azərbaycan Dövlət Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək babasının xatirəsinə göstərilən hörmətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmiş, yubiley gecəsinin təşkilində əməyi olan hər kəsə təşəkkür etmişdir.
Gecədə Akademik Milli Dram Teatrının aktyorlarının ifasında Ağasadıq Gəraybəylinin səhnəyə ilk gəlişini əks etdirən səhnəcik və "Müfəttiş" tamaşasından parça da təqdim olunmüş, onun rol aldığı filmlərdən parçalar göstərilmişdir.