26 yanvar 2017-ci
Görkəmli sənətkar, SSRİ Xalq Artisti İsmayıl Dağıstanlının 110 illiyi münasibəti ilə anım günü
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə 26 yanvar 2017-ci il tarixdə görkəmli sənətkar, SSRİ Xalq Artisti İsmayıl Dağıstanlının 110 illiyi münasibəti ilə anım günü keçirilmişdir.
Görkəmli sənətkarlar, ziyalılar və media nümayəndələrinin iştirak etdiyi tədbirdə sənətkarın həyat və yaradıcılığından söhbət açılmış, onun ifa etdiyi tamaşalardan fraqmentlər səsləndirilmiş, filmlərdən parçalar göstərilmişdir.
Tədbiri giriş sözü ilə Xalq Artisti, Professor Azər Paşa Nemətov açmışdır. O, İsmayıl Dağıstanlının zəngin yaradıcılıq yolundan danışmış, sənətkarla bağlı xatirələrini bölüşmüşdür.
Sonra söz tədbirin aparıcısı, Xalq Artisti Hacı İsmayılova verilmişdir. Hacı müəllim İsmayıl Dağıstanlının bioqrafiyası haqqında ətraflı məlumat vermişdir.
Anım günündə Xalq Artistləri Rafiq Əzimov, Ramiz Məlikov, Ağakişi Kazımov, Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə çıxış edərək sənətkarı xoş xatirələrlə yada salmış, onun Azərbaycanın mədəniyyət tarixi qarşısındakı müstəsna xidmətlərindən söz açmışlar. Tədbirin sonunda İsmayıl Dağıstanlının qızı Lamiyə xanım və nəvəsi Aytən xanım anım gününün təşkilatçılarına və iştirakçıların dərin təşəkkürlərini bildirmişlər.
Tədbir iştirakçıları sənətkarın zəngin yaradıcılıq bioqrafiyasından bəhs edən fotosərgi ilə tanış olmuşlar.
İsmayıl Dağıstanlı
İsmayıl Dağıstanlı Azərbaycanın milli mədəniyyət tarixində parlaq iz qoymuş sənətkarlarımızdandır. Onun teatrda və kinoda yaratdığı rəngarəng obrazlar teatr mütəxəssisləri və tamaşaçılar tərəfindən hər zaman rəğbətlə qarşılanmış, milli mədəniyyətimiz qarşısındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.
İsmayıl Yusif oğlu Hacıyev (İsmayıl Dağıstanlı) 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində dünyaya gəlib. Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. 1926-1930-cu illərdə Bakı Teatr Texnikumunda təhsil alıb. 1927-ci ildən eyni zamanda təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib. 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub.
1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Azərbaycan səhnəsində Vladimir İliç Lenin rollarının ilk ifaçısı kimi məşhurlaşıb. Sənətdə qazandığı uğurlara görə Respublikanın Əməkdar Artisti, Xalq Artisti fəxri adlarınına layiq görülüb. Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramındakı Böyük bəy roluna görə 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub.
İsmayıl Dağıstanlı «Səbuhi», «Sualtı qayıq», «Abbas Mirzə Şərifzadə», «Ağasadıq Gəraybəyli», «Axşam konserti», «Böyük dayaq», «Koroğlu», «Kölgələr sürünür», «Qara daşlar», «Qatır Məmməd» kimi bədii və sənədli filmlərə çəkilib. Ömrünün son illərində Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. Teatr sənəti və səhnə xadimləri haqqında kitabları nəşr olunub. İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə vəfat edib.