19 oktyabr 2015-ci il
Ruslan Həsənli – 70.
Azərbaycan Teatr Xadimləri İttifaqında 2015-ci il oktyabr ayının 19-da milli kukla sənətinin istedadlı nümayəndəsi Ruslan Həsənlinin 70 illiyinə həsr olunmuş anım günü keçirilmişdir.
Tədbirin aparıcısı – xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Ruslan Həsənlinin həyatı və yaradıcılığı haqqında danışaraq, sözü Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azər Paşa Nemətova vermişdir. A.Nemətov tədbir iştirakçılarını salamlayaraq, R.Həsənlinin sənəti haqqında xoş sözlər söyləmiş, dünyasını dəyişmiş sənətkarlarımızın daim yaddaşlarda yaşaması üçün belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd etmişdir.
Sonra söz R.Həsənovun sənət dostlarına verilmişdir. Xalq artistləri Fuad Poladov, Cəfər Namiq Kamal, əməkdar artistlər Rəhman Rəhmanov, Səmayə Sadıqova, Ramil Qasımov, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Nazir Rüstəmov, Aslan Fətullayev, Tamilla Məhərrəmova, Dilşad Tahirqızı, sənətkarın haqqında yazılmış «Küklaçının nağılı» kitabının müəllifi Çingiz Ələsgərli Ruslan Həsənli haqqında xoş xatirələrini danışmışlar. Gənc Tamaşaçılar Teatrının aktyoru Vahid Əliyev sənətkarın oğlu Araz Həsənlinin atasının xatirəsinə həsr etdiyi «Kuklaçının nağılı» monotamaşasından bir parça ilə çıxış etmişdir.
Tədbirdə Ruslan Həsənlinin iştirakı ilə tamaşalardan və televiziya verilişlərindən fraqmentlər göstərilmiş, Azərbaycan Dövlət Kukla Teatrı aktyorlarının ifasında kiçik səhnə nümayiş olunmuşdur. Sonda Ruslan Həsənlinin oğlu Araz Həsənli tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirmişdir.
RUSLAN YAQUB OĞLU HƏSƏNLİ
Ruslan Yaqub oğlu Həsənli 1945-ci il oktyabr aynın 20-də müəllim ailəsində dünyaya göz açıb. Bakının Yasamal rayonundakı 31 saylı orta məktəbdə təhsil aldığı illərdə o, Bakı Pioner və Məktəblilər Sarayında Süleyman Ələsgərovun rəhbərlik etdiyi dram dərnəyində aktyorluq sənətinin sirlərini öyrənib. Burada bir-birindən fərqli obrazlarla səhnədə ilk addımlarını atıb.
1969-71-ci illərdə 26 Bakı Komissarı adına sarayda görkəmli rejissor-pedaqoq Lütfü Məmmədbəyovun rəhbərlik etdiyi Xalq teatrında rejissor köməkçisi, rejissor və aktyor kimi fəaliyyət göstərən Ruslan Həsənli maraqlı tamaşalar, yaddaqalan obrazlar yaradıb. Onun iştirakı ilə kollektivin hazırladığı Mirzağa Atəşin «Şərəfin sandığı», İ.İoselyaninin «Araba hələ aşmayıb» və digər tamaşalar Xalq teatrlarının Respublika Festivalında mükafatatlara layiq görülüb.
Ruslan Həsənli 1970-72-ci illərdə korifey sənətkarımız Adil İsgəndərovun «Azərbaycanfilm»də təşkil etdiyi iki illik «Kinoaktyor» kursunu bitirib. 1971-89-cu illərdə Azərbaycan Dövlət Kukla Teatrında yüksək dərəcəli aktyor kimi çalışıb. 1979-cu ildən Kukla teatrında rejissor köməkçisi işləyib. Yüzdən çox irili-xırdalı kukla obrazı yaradıb.
1972-77-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Mədəni-Maarif» fakültəsində təhsil alıb.
Dövlət Kukla Teatrı ilə bir sıra xarici dövlətlərdə – Yəmən, Hindistan, Rusiya, Gürcüstan və Özbəkstanda milli kukla teatrı mədəniyyətini uğurla təmsil edib. Festivalların birində Rusiyanın görkəmli kukla aktyoru Sergey Obraztsov onu «müasir dövrün ən istedadlı kukla aktyoru» adlandıraraq, qarşısında diz çöküb. Onun haqqında həm yerli, həm də xarici mətbuatda çoxsaylı məqalələr yazılıb. Rusiyalı teatrşünas Valentina Solovyova onu «Azərbaycanın Raykini» adlandırıb. 1974-cü ildə Ruslan Həsənli Kuybışevdə Ümumittifaq Kukla teatrları Konqresində ölkəmizi uğurla təmsil edib.
Azərbaycanda ilk dəfə kukla parodiyaları edən, ilk dəfə efirə kukla çıxaran Ruslan Həsənli 15 ilə yaxın Azərbaycan televiziyasında kukla verilişi apararaq, Div obrazı ilə uşaqları sevindirib. Onun «Əlifba teatrı», «Səhər görüşləri», «Sehrli səslər evciyi», «Retro» uşaq kinozalı, «Sehrli xalça», «Laylay, beşiyim, laylay», «Pəncərəmə ay qonub» verilişlərində uğurlu çıxışları həm uşaqlar, həm də böyüklər tərəfindən maraqla izlənilən televiziya proqramlarındandır.
Ruslan Həsənlinin iştirakı ilə radioda da yaddaqalan verilişlər hazırlanmışdır. «Sandıqça», «Hekayə axşamı», «Gənclik uşaq teatrı», «Göy qurşağı», «Tumurcuq», «Bəbə», «Ağ atlı oğlan», «Zəki Müren günəşi və ya böyük sənətçi ilə bir görüşün anıları» verilişləri R.Həsənlinin geniş tamaşaçı auditoriyası tərəfindən dinlənilən uğurlu işlərindəndir. 1975-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü olan Ruslan Həsənli İttifaqın keçirdiyi tədbirlərdə fəal iştirak edib.
1989-91-ci illərdə Mədəniyyət Nazirliyinin Sərəncamı ilə R.Həsənli Naxçıvan MR-da Dövlət Kukla Teatrı yaradıb və 6 ay ərzində onun truppasını və repertuarını qurub. O, Naxçıvan Dövlət Kukla Teatrında bədii rəhbər və baş rejissor olaraq 3 əsər hazırlayıb: Ə.Abbasovun «Keçinin qisası», T.Ağayevin «Cırtdanın kələyi», Ç.Ələsgərlinin «İbrət dərsi» (N.Gəncəvinin əsərlərinin motivləri əsasında). Teatr Xadimləri İttifaqının xətti ilə illik hesabatla Bakıya qastrola gəlib. Teatr ictimaiyyəti bu tamaşaları yüksək qiymətləndirib.
1990-2007-ci ilə qədər Sumqayıt şəhərində «Dostluq» Mədəniyyət Evində Kukla dərnəyi yaradıb, sonrakı illərdə həmin dərnəyin bədii rəhbəri vəzifəsinə irəli çəkilib. Bu dərnək sonrakı illərdə xalq teatrı statusu alıb.
2012-ci il oktyabr ayının 20-də 67 yaşında ağır xəstəlikdən dünyasını dəyişib.