20 dekabr 2019-cu il
Məmmədşah Atayevin 80 illik yubileyinə həsr olunmuş xatirə günü
20 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə milli teatr tarixinin təbliğində əvəzsiz xidmətləri olan teatrşünas-alim Məmmədşah Atayevin 80 illik yubileyinə həsr olunmuş xatirə günü keçirildi.
Tədbirdə görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri və alimin doğmaları iştirak etdilər.
Giriş sözü ilə tədbiri Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, professor Azər Paşa Nemətov açdı. O, Məmmədşah Atayevin xatirəsini ehtiramla yad edib, alim haqqında fikirlərini bildirdi və sözü tədbirin aparıcısı – Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılova verdi.
Hacı İsmayılov Məmmədşah Atayevin keçdiyi ömür yolu haqqında danışdı. Qeyd etdi ki: «Məmmədşah Atayev 1939-cu il dekabrın 20-də anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Akademik Milli Dram Teatrında aktyor, truppa müdiri işləyib və özünün şəxsi təşəbbüsü ilə təşkil etdiyi arxiv-muzeyə rəhbərlik edib, "C.Məmmədquluzadə əsərləri Azərbaycan səhnəsində" mövzusunda dissertasiya müdafiə edib. 100-ə yaxın məqalənin, "C.Məmmədquluzadə əsərlərinin səhnə taleyi" monoqrafiyasının müəllifi olub. 2 cildlik «Akademik Milli Dram Teatrının foto-salnaməsi»ni toplayıb və tərtib edib». Sonra Hacı İsmayıov sözü çıxış edənlərə verdi.
Tədbirdə çıxış edənlər – Xalq artisti Rafiq Əzimov, Filologiya elmləri doktoru İmaməddin Zəkiyev, Xalq artisti Gülyanaq Məmmədova, rejissor-pedaqoq Fikrət Sultanov, Əməkdar artist Ağalar Bayramov, aparıcı Saleh Bağırov, aktyor Elxan İsmayılov, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rafiq Sadıqov, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova, aktrisa Şəhla Əliqızı, Əməkdar artist Azad Şükürov Məmmədşah Atayevi xoş sözlərlə yad etdilər, onun haqqında xatirələrini bölüşdülər.
Çıxışlar arası Məmmədşah Atayevin ömür yoluna həsr olunmuş videoçarxlar nümayiş olundu.
Sonda Məmmədşah Atayevin həyat yoldaşı Raidə Atayeva və nəvəsi Fuad Atayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildirdilər.