29 may 2022-ci il
Azərbaycan Respublikasının Əməkdar artisti Rəhman Rəhmanov – 65
29 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar artist Rəhman Rəhmanovun 65 illiyi münasibəti ilə təntənəli tədbir keçirildi.
Görkəmli ziyalılar, sənət adamları, media nümayəndələri və teatrsevərlərin iştirakı ilə keçirilən tədbirdə Rəhman Rəhmanovun yaradıcılıq yoluna nəzər salındı, sənətkarın sevilən tamaşalarından parçalar oynanıldı.
Tədbirdə çıxış edənlər – Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov, Yeni Azərbaycan Partiyası Səbail rayon Təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, Vətən müharibəsi qaziləri, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Gəncə, Qax, Salyan Kukla teatrlarının nümayəndələri Rəhman Rəhmanovu təbrik etdilər, onun ifa etdiyi obrazlardan danışdılar və gələcək işlərində uğurlar arzuladılar.
Milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və 65 illiyi münasibəti ilə Rəhman Rəhmanov Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri fərmanı ilə təltif olundu.