9 sentyabr 2022-ci il
Rejissor Boris Katayev və aktrisa-müğənni Tamara Katayeva ilə görüş
9 sentyabr 2022-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının və «Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi» İctimai Birliyinin təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarından Azərbaycana gəlmiş ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresi Mədəniyyət Komitəsinin sədri, Nyu-York «Oren» teatrının bədii rəhbəri, rejissor Boris Katayev və aktrisa-müğənni Tamara Katayeva ilə görüş keçirildi.
Səmimi şəraitdə keçən görüşdə İttifaqın sədri Azər Paşa Nemətov, sədr müavini Hacı İsmayılov və əməkdaşlar iştirak etdilər.
Xalq artisti Azər Paşa Nemətov qonaqları salamladı, onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirdi. Sədr müavini Hacı İsmayılov qonaqlara İttifaqın fəaliyyətindən bəhs edən kitab hədiyyə verdi.
Görüşdə Azərbaycan mədəniyyətinin keçmişindən və bu günündən söhbət açıldı. Boris və Tamara Katayevlər Azərbaycanla bağlı təssüratlarını bölüşdülər və səmimi görüşə görə İttifaqa minnətdarlıqlarını bildirdilər.
Tədbirdə Boris və Tamara Katayevlər haqqında süjetlər nümayiş etdirildi, İttifaqın fəaliyyətinə həsr olunmuş videoçarx göstərildi və Tamara Katayevanın ifasında mahnılar səsləndirildi. Sonda xatirə şəkli çəkildi.