Zülfüqar Hacıbəyli
(1884 - 1950)
İstedadlı bəstəkar, fəal ictimai xadim, Respublikanın Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyli Azərbaycanda musiqili teatrın təşəkkül tapmasında və inkişafında mühüm rol oynamışdır.
Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyli 1884-cü il aprel ayının 17-də Şuşa şəhərində anadan olmuşdur. Zülfüqara ciddi musiqi təhsili almaq nəsib olmasa da o, tarda çalmağı öyrənmişdir.
Zülfüqar Hacıbəyli 1908-ci ildə "Leyli və Məcnun" operasının səhnə təcəssümü tapmasında yaxından iştirak etmişdir.
Məhz bu operanın ciddi təsiri nəticəsində o, bəstəkarlıq sahəsində yaradıcılıq fəaliyyətinə başlamışdır.
Zülfüqar Hacıbəyli 3 musiqili komediyanın ("Əlli yaşında cavan", "Varlı və yaxud on bir yaşında gəlin", "Evli ikən subay"), "Aşiq Qərib" muğam-operasının, "Azərbaycan" kantatasının, Fikrət Əmirovla birgə bəstələdiyi Xalq Çalğı Alətləri Orkestri üçün "Cəngi" əsərinin, oğlu - maestro Niyazi ilə birlikdə "Almas" kinofilminə yazdığı musiqinin, xor və simfonik orkestr üçün, nəfəsli orkestr üçün vətənpərvərlik marş və mahnılarının müəllifidir. Onun Nizaminin "İsgəndərnamə" poeması əsasında yazmağa başladığı "Nüşabə" operası yarımçıq qalmışdır.
Azərbaycan xalq musiqi nümunələrinin toplanması və nota salınmasındada Zülfüqar Hacıbəylinin xidmətləri olmuşdur. Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin 1927-ci ildə çap etdirdikləri "Azərbaycan türk el nəğmələri" məcmuəsinə daxil olan bir çox nümunələr məhz Zülfüqar Hacıbəyli tərəfindən nota yazılmışdır. O, 150-yə qədər xalq mahnılarını toplayıb nota salmışdır. Lakin bu nümunələr əlyazması şəklində onun arxivində saxlanılır.
Zülfüqar Hacıbəyli yaradıcılıqla yanaşı fəal ictimai musiqi xadimi kimi Azərbaycan Radio Verilişləri Komitəsində, Qırmızı əsgər sarayında (indiki Filarmoniyada), müxtəlif teatr və konsert təşkilatlarında məsul vəzifələrdə çalışmışdır.