Üzeyir Hacıbəyli
(1885 – 1948)
Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin Mükafatı laureatı (1941), Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948).
Üzeyir Hacıbəyli kənd mirzəsi ailəsində doğulmuşdur, ailədə üç qardaş, iki bacı olmuşdular.
O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynamışdır. Hacıbəyli seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür.
Üzeyir Hacıbəyli Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazmışdır). Onun "Ər və arvad" (1909, ilk tamaşası: 1910), "O olmasın, bu olsun" (1910, ilk tamaşası: 1911), "Arşın mal alan" (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır. Hacıbəyli 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxumuşdur. Peterburq dövrü Hacıbəyovlinin yaradıcılığında mühüm rol oynamış, o, "Arşın mal alan" musiqili komediyasını məhz burada yaratmışdır.
Üzeyir bəyin qardaşı Zülfüqar bəylə birlikdə yaratdığı "Hacıbəyli qardaşları müdiriyyəti" Azərbaycan peşəkar teatrının formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir.