İttifaqın bölgələr üzrə təmsilçiləri. Naxçıvan
KAMRAN QULİYEV
Kamran Məmmədqulu oğlu Quliyev 9 sentyabr 1958-ci ildə Naxçıvanda anadan olmuşdur.
1986-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İnstitutunun Mədəni-Maarif fakültəsinin qiyabi şöbəsini bitirmişdir. 1979-cu ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor kimi fəaliyyətə başlayan K.Quliyev 1997-ci ilin may ayından teatrın baş rejissoru, 2004-cü il fevralından teatrın direktoru və baş rejissoru vəzifəsində çalışır.
Teatrda işlədiyi müddətdə Neznamov ("Günahsız müqəssirlər", A.Ostrovski), Əmir Teymur, Elxan, Uluq bəy, Keşiş ("Topal Teymur", "İblis", "Uçurum", "Şeyx Sənan", H.Cavid), Nadir şah ("Nadir şah", N.Nərimanov), Qızıl Arslan ("Atabəylər", N.Həsənzadə) və s. çoxsaylı yaddaqalan rollar ifa edən aktyor, eyni zamanda rejissor kimi M.F.Axundzadənin "Lənkəran xanının vəziri", H.Cavidin "Topal Teymur", "İblis", "Səyavuş", C.Məmmədquluzadənin "Dəli yığıncağı", S.Vurğunun "Fərhad və Şirin", Elçinin "Mənim ərim dəlidir", "Mənim sevimli dəlim", M.Cəlalın "Dirilən adam" və bir sıra başqa əsərlərə maraqlı quruluşlar vermişdir.
Kamran Quliyev 1987-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti", 1999-cu ildə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adlarına layiq görülüb.