4 noyabr 2026-cı il
Azərbaycan Teatr Xadimləri İttifaqının sədr Hacı İsmayılov Özbəkistanın Səmərqənd şəhərində keçirilən yubiley tədbirlərində iştirak edib.
23 oktyabr – 4 noyabr 2026-cı il tarixlərində Özbəkistan Respublikasının Səmərqənd şəhərində Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının 40 illiyinə, Müstəqil Dövlətlər Birliyinin yaranmasının 35 illiyinə və Özbəkistan Teatr İttifaqının fəaliyyətinin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlər keçirilib.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov yubiley tədbirlərində fəxri qonaq qismində iştirak edib.
Təntənəli mərasimlərdə çıxış edən Hacı İsmayılov yubileylər münasibətilə təşkilatçıları və iştirakçıları təbrik edərək, beynəlxalq teatr əməkdaşlığının möhkəmləndirilməsində yaradıcı birliklərin mühüm rolunu vurğulayıb. O, Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının 40 illik fəaliyyətinin müxtəlif ölkələrin teatr təşkilatları arasında əlaqələrin inkişafına, təcrübə mübadiləsinə və ortaq sənət layihələrinin həyata keçirilməsinə verdiyi töhfələri yüksək qiymətləndirib. Eyni zamanda, Özbəkistan Teatr İttifaqının 80 illik yubileyinin ölkənin zəngin teatr ənənələrinin, milli səhnə sənətinin inkişafının və beynəlxalq mədəni əlaqələrin təntənəsi olduğunu qeyd edib.
Çıxışında Azərbaycan və Özbəkistan arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin teatr sənəti sahəsində də uğurla davam etdirilməsinin əhəmiyyətinə toxunan Hacı İsmayılov yaradıcı təşkilatlar arasında qarşılıqlı əlaqələrin genişləndirilməsini, birgə layihələrin və sənət mübadilələrinin gələcək əməkdaşlıq üçün yeni imkanlar açdığını diqqətə çatdırıb.
Səfər çərçivəsində Hacı İsmayılov həmçinin Beynəlxalq Teatr Akustikası Məktəbinin yekun mərhələsində təqdim olunan tamaşaları izləyib. Müxtəlif ölkələri təmsil edən gənc teatr mütəxəssislərinin yaradıcılıq işləri ilə tanış olan İttifaq sədri layihə iştirakçılarına dəstəyini ifadə edib, onların peşəkar inkişafı, beynəlxalq təcrübə qazanması və gələcək yaradıcılıq fəaliyyətlərində belə platformaların əhəmiyyətini vurğulayıb.

