17 aprel 2025-ci il
Şuşada I İslam Dünyası Mədəniyyət Forumu keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO və Azərbaycan Prezidentinin Şuşa Rayonunda Xüsusi Nümayəndəliyinin tərəfdaşlığı ilə Şüşada I İslam Dünyası Mədəniyyət Forumu keçirilib.
“Postmünaqişə dövrdə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda keçirilən Forumda Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsi Emin Hüseynov, Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, Mədəniyyət Nazirinin müavinləri Fərid Cəfərov, Səadət Yusifova və digər rəsmilər iştirak ediblər.
Tədbir çərçivəsində “Beynəlxalq mühafizə mexanizmləri təcrübədə: İslam dünyasında postmünaqişə irsinin öyrənilməsi" və “Mədəni irsin dirçəldilməsi: mədəni irsin qorunmasında texnoloji innovasiyalar və rəqəmsallaşma" mövzusunda panel sessiyalar keçirilib.
Çıxış edənlər mədəni irsin qorunması, bərpası və digər lazımi proseslər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Forumda Azərbaycan Teatr Xadimləri İttifaqının nümayəndələri – sədr müavini, Əməkdar artist Azad Şükürov və məsləhətçi-pedaqoq Məhəmməd Verdiyev iştirak ediblər.