23 iyun 2025-ci il
Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı Katibliyinin geniş tərkibli iclası
23 iyun 2025-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri Hacı İsmayılov Moskvaya işgüzar səfər edib. O, Rusiya Federasiyasının aparıcı teatrlarının və teatr təhsili müəssisələri rəhbərlərinin iştirakı ilə təşkil olunmuş tədbirdə - Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı Katibliyinin geniş tərkibli iclasında iştirak edib.
Tədbirdə 2026-cı ildə Rusiya Teatr Xadimləri İttifaqının 150 illik yubileyinə hazırlıq, həmçinin MDB ölkələrinin teatr xadimləri ittifaqları arasında əlaqələrin möhkəmləndirilməsi və gələcək qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.
İclasdan əvvəl İttifaq sədri Rusiya Teatr Xadimləri İttifaqının sədri Vladimir Maşkovla görüşüb. Vladimir Maşkov dəvəti qəbul edib, Moskvaya gəldiyinə görə Hacı İsmayılova təşəkkürünü bildirib.
Tədbirdə Azərbaycanla yanaşı, Belarusiya, Moldova, Qazaxstan, Qırğızıstan, Tacikistan və digər ölkələrin Teatr Xadimləri ittifaqlarının sədrləri də iştirak ediblər.
İclasda çıxış edən Hacı İsmayılov göstərilən qonaqpərvərliyə və yaradıcı həmrəyliyin təşviqi üçün yaradılan səmimi atmosferə görə təşkilatçılara təşəkkür edib, teatr sahəsində mədəni əlaqələrin inkişafı və qarşılıqlı faydalı əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.