2 fevral 2026-cı il
Azərbaycan Gəncləri Günü qeyd olunub
Akademik Milli Dram Teatrında keçirilən tədbiri giriş sözü ilə Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov açaraq gəncləri təbrik edib. O, qeyd edib ki:
"Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Məhz bu Sərəncama əsasən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda bu gün təntənəli şəkildə qeyd edilir.
Ölkə Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın gənclərə diqqət və qayğısı bütün sahələrdə, o cümlədən, mədəniyyət sahəsində özünü ən yüksək səviyyədə göstərir. Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə gənclərə öz potensiallarını reallaşdırmaq üçün imkan yaradır. Gənc aktyor və rejissorlar teatrın tanınmış sənətkarlarının qayğısı ilə onlarla çiyin-çiyinə çalışır, müxtəlif uğurlu işlərə imza atırlar".
Çıxışdan sonra teatrda uğurlu fəaliyyətlərinə görə və Gənclər Günü münasibəti ilə gənc aktyorlar Akademik Milli Dram Teatrının Diplomu ilə mükafatlandırılıblar.
Sonra Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti Hacı İsmayılov İttifaqın təsis etdiyi “Ümid” mükafatını gənclərə təqdim edib. Akademik Milli Dram Teatrının aktyoru Tural İbrahimov, Şuşa Dövlət Musiqili Dram Teatrının aktrisası Gülarə Məmmədova və Milli Gənc Tamaşaçılar Teatrının rejissoru Fuad Cavadzadə “Ümid” mükafatı ilə təltif olunublar.

