5 oktyabr 2026-cı il
V Şəki Beynəlxalq Teatr Festivalının iştirakçıları AzTXI tərəfindən mükafatlandırılıb
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Dövlət Dram Teatrının təşkilatçılığı ilə keçirilən V Şəki Beynəlxalq Teatr Festivalında Azərbaycandan olan teatr kollektivləri ilə yanaşı, Qazaxıstan, Özbəkistan və İran sənətçiləri də iştirak edir.
Böyük uğurla davam edən sənət bayramında Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən mükafatlar təqdim olunub. İttifaqın sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavinləri - Xalq artisti, professor İlham Namiq Kamal və Əməkdar artist, professor Azad Şükürov teatr sənəti sahəsindəki xidmətlərinə görə Qazaxıstan Respublikası, Kızılorda Vilayəti, N.Bekejanov adına Qazax Akademik Musiqili Dram Teatrının bədii rəhbəri Baxıtbek Temirbekovu, Özbəkistan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Zülfiyə Xamrayevanı və İran İslam Respublikası, Ərdəbil Moqan Honar Teatrının rəhbəri Qərib Mənuçehrini Azərbaycan Teatr Xadimləri İttifaqının "Teatr fədaisi" medalı ilə təltif ediblər.
Festivalın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mirbala Səlimliyə İttifaq tərəfindən xatirə hədiyyəsi təqdim olunub.

