28 fevral 2019-cu il
Xalq artisti Mustafa Mərdanovun 125 illiyi qeyd olundu
28 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə görkəmli teatr və kino xadimi, Xalq artisti Mustafa Mərdanovun 125 illiyi ilə bağlı tədbir keçirildi.
Akademik Milli Dram Teatrında keçirilən tədbirin iştirakçıları əvvəlcə sənətkarın həyat və fəaliyyətinin əks olunduğu fotosərgiyə baxdılar.
Aparıcı – Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov sənətkarın keçdiyi ömür yolu haqqında danışdı. Bildirdi ki, Mustafa Mərdanov 28 fevral 1894-cü ildə Cənubi Azərbaycanın Mərənd şəhərində anadan olub. Tiflis gimnaziyasında təhsil alıb. Şəhərin mədəni mühiti onun həyata baxışını formalaşdırıb, o, teatra böyük maraq göstərib. Buradakı müsəlman dram dərnəklərində 1910-cu ildən çıxış edən Mustafa Mərdanov 1921-1922-ci illərdə Tiflis Azərbaycan Dram Teatrının direktoru vəzifəsində çalışıb. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirərək Bakıya gələn M.Mərdanov Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirib. Yüksək aktyorluq texnikası, yumşaq yumor onun sənəti üçün xarakterik olan cizgilər idi. Mustafa Mərdanovun ilk yaratdığı rollarda belə klassik ənənələr çox güclü idi.
Teatrın direktoru, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışdı, onun Azərbaycan teatrı və kinosunun inkişafında xidmətlərindən söhbət açdı.
Sonra Xalq artisti Hacı İsmayılov görkəmli sənətkarın kinodakı uğurlarından söz açdı. Vurğuladı ki, 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində çəkilən əksər filmlərdə bu aktyora rollar həvalə edilib və o da səssiz kinonun imkanları daxilində öz personajlarına həyat verib. Qardaşı, kinorejissor Səməd Mərdanovun "Kəndlilər" filmi aktyorun yaradıcılığında yeni bir hadisə olub. Bu ekran əsərindən sonra 1940-cı ildə "Yeni horizont" (Trest müdiri), 1941-ci ildə "Səbuhi" (Akademiya rəisi) filmlərində çəkilib. Rollar kiçik olsa da, tamaşaçı diqqətindən yayınmayıb. Aktyorun ən uğurlu rollarında biri "O olmasın, bu olsun" filmindəki İntellegent Həsən bəy obrazı idi.
74 il ömür sürən Mustafa Mərdanov 12 dekabr 1968-ci ildə Bakıda vəfat edib.
Sənətkarın ailəsi adından çıxış edən qardaşı qızı Nuranə Mərdanova aktyorun xatirəsinə göstərilən ehtirama görə təşkilatçılara öz minnətdarlığını bildirdi.
Çıxışlararası Mustafa Mərdanovun rol aldığı filmlərdən fraqmentlər nümayiş olundu.
Tədbirdən sonra teatrın səhnəsində Mustafa Mərdanovun xatirəsinə həsr olunan “Müfəttiş” tamaşası oynanıldı.
Rus yazıçısı N.Qoqolun eyniadlı pyesi əsasında, Sabit Rəhmanın tərcüməsində hazırlanan ikihissəli səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur.
Tamaşada xalq artistləri Rafael Dadaşov, Rafiq Əzimov, əməkdar artistlər Elşən Cəbrayılov, Şəlalə Şahvələdqızı, Nigar Güləhmədova, Kazım Həsənquliyev, Məzahir Cəlilov və başqaları çıxış edir.