>
previous arrow
next arrow
Slider
 
 2014-cü il

Xalq artisti Ağakişi Kazımovun 70 illiyi münasibətilə keçirilən tədbir.

Azərbaycan Dövlət Akademik Milli Dram teatrının rejissoru, xalq artisti, «Qızıl Dərviş» mükafatı laureatı, professor Ağakişi Kazımov həyatının 50 ildən çoxunu milli teatrımızın inkişafına həsr etmişdir.

O, yaradıcılığa Milli Dram teatrında aktyor kimi başlamış, bu teatrın səhnəsində C.Cabbarlının «Almaz» dramında Barat, Ə.Məmmədxanlının «Şirvan gözəli» pyesində Fərəc, M.Hüseynin «Cavanşir faciəsi»ndə Fərid və s. bu kimi yaddaqalan obrazlar yaratmışdır. Lakin rejissorluq sənətinə olan böyük məhəbbət onu Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə gətirib çıxarmışdır. İnstitutu uğurla başa vuran A.Kazımov Kazan Dövlət Akademik Dram teatrında C.Cabbarlının «Aydın» faciəsini tamaşaya qoymuş və tamaşa o vaxtlar keçmiş SSRİ Mədəniyyət Nazirliyinin I mükafatını almışdır.

Yaradıcılığında janr müxtəlifliyinə üstünlük verən rejissor Azərbaycanın müxtəlif teatr səhnələrində onlarla əsərə quruluş vermişdir.

Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında «Gəlin qayası» (Ş.Axundova), «Vaqif» (R.Mustafayev);

Akademik Milli Dram teatrında N.Dumbadzenin «Darıxma, ana», İ.Əfəndiyevin «Qəribə oğlan», «Büllur sarayda», C.Cabbarlının «Od gəlini», N.Xəzrinin «Mirzə Şəfi», B.Vahabzadənin «Özümüzü kəsən qılınc», «Dar ağacı»;

Musiqili Komediya teatrında Ü.Hacıbəyovun «Arşın mal alan», C.Cahangirovun «Təzə gəlin»;

Sumqayıt Dövlət Dram teatrında N.Vəzirovun «Müsibəti Fəxrəddin», Əfqanın «Gülməyən adam», G.Xuqayevin «Arvadımın əri»;

Gənc Tamaşaçılar teatrında Firdovsinin «Şahnamə» əsəri əsasında İ.Coşğunun yazdığı «Söhrab və Rüstəm», N.Vəzirovun «Hacı Qəmbər», Y.Şvartsın «Zoluşka», B.Vahabzadənin «Şəhidlər», Ə.Əylislinin «Yazığam, sevmə məni» tamaşaları görkəmli rejissorun yaradıcılığında mərhələ təşkil edir.

Ağakişi Kazımov ölkəmizdən xaricdə də bir sıra tamaşalar hazırlamışdır. Bunlardan Kazan Dövlət Akademik Dram teatrında M.Bayciyevin «Duel», C.Cabbarlının «Aydın»;

İrəvan Azərbaycan Dövlət Dram teatrında Ş.Xurşidin «Qızıl zəncir», N.Xəzrinin «Əks-səda», H.Orucovun «Məni qınamayın»;

Aşqabad Gənc Tamaşaçılar teatrında N.Vəzirovun «Hacı Qəmbər»;

Düsseldorfdakı Alman Dövlət Türk teatrosunda Ü.Hacıbəyovun «Arşın mal alan», B.Vahabzadənin «İkinci səs» əsərlərinin böyük uğur qazanmış tamaşalarını göstərmək olar. A.Kazımovun Azərbaycan Dövlət Televiziya və Radio Şirkətinin Qızıl Fondunda 30-dan çox tamaşaçı qorunub saxlanılır.

Görkəmli rejissor ölkəmizin teatrlarında yüzdən artıq müxtəlif janrlı əsərə səhnə həyatı vermiş və ölkəmizin teatrlarında uzun illər rəhbər vəzifələrdə çalışmışdır.

Teatrda işləməklə yanaşı A.Kazımov pedaqoji fəaliyyətlə də məşğul olur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. O, rejissorluq sənətinin sirlərini yetişməkdə olan gənc nəslə səxavətlə öyrədir.

© Copyright 2019, Azərbaycan Teatr Xadimləri İttifaqı