25 may 2020-ci il
Aida Qafarova - TƏƏSSÜF …
Bu gün əziz sənət dostumuz, Xalq artisti Rafiq Əliyevin qonağı olduğumuz bu dünyadan əbədi evinə köçməyinin qırxıncı günü tamam oldu.
Qırx gündür ki, sevənləri yoxluğuna alışmağa məcbur olub, onu xatirələrində yaşadırlar.
İş otağına baxıram. İlk baxışda hər şey əvvəlki kimidir… Kitabları, şəkilləri, mükafatları… hamısı yerindədir… sanki hamısı onun gəlişini gözləyir.
Lakin… Təəssüf ki, amansız xəstəlik Rafiq müəllimi günbəgün bizdən uzaqlaşdırıb, onun həyat və sənət missiyasını bitirdi.
Qırx ildən artıq dövrü əhatə edən yaradıcılıq illərində teatrda və kinoda yaratdığı müxtəlif xarakterli obrazlar, quruluş verdiyi səhnə və ekran əsərləri, ölkə daxilindəki tədbirlərlə yanaşı, onun hüdudlarından kənarda keçirilən müxtəlif sənət bayramlarında Azərbaycan adına qazandığı mükafatlar Rafiq Əliyevin uğurlu sənət missiyasının parlaq təzahürü oldu.
1976-cı ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışan Rafiq Əliyev "Bumbaraş" tamaşasında Bumbaraş, "Üç muşketyor"da Aramis, "Təmas"da Andrey, "Müsyö Jordan və Dərviş Məstəli Şah"da Hatəmxan ağa, "Buratino"da Karabas-Barabas, "Buraxılış gecəsi"ndən Gena, "Müfəttiş"də Dobçinski, "Keçən ilin son gecəsi"ndə Süleyman, "Quyu" tamaşasında Akif və digər maraqlı rolları ifa edib. Aktyorun yaratdığı Akif obrazı "Ən yaxşı kişi rolu" nominasiyasına layiq görülüb.
Teatrda işləməklə yanaşı, Rafiq Əliyev "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi 20-dən çox bədii filmə çəkilib. Onlardan "Babamızın babasının babası"nda Reportyor, "Ötən ilin son gecəsi"ində Süleyman, "Üzeyir ömrü"ndə Əli Terequlov, "Qəm pəncərəsi"ndə General-qubernator, "Lətifə"də Komsomol rəhbəri, "Cansıxıcı əhvalat"da Ortancıl qardaş, "Nə gözəldir bu dünya"da Ramiz, "Otel otağı"nda ingilis professoru Luis obrazları xüsusilə fərqlənir. "Həqiqət anı" filmində Əli Ömərov, "Qraf Krestovski"də Həbsxana rəisi, "Hökmdarın taleyi"ndə Vanya yüzbaşı, "Papaq"da Başçı, "Ölümə məhkum olmuşlar"da Müstəniq aktyorun son dövrdə yaratdığı gözəl ekran obrazlarındandır.
Çoxşaxəli yaradıcılıq fəaliyyəti göstərən Rafiq Əliyev həmçinin bir sıra beynəlxalq kino layihələrində ikinci rejissor, kastinq direktoru kimi də çalışıb.
"İbrus" teatrı və "Üns" Yaradıcılıq səhnəsi kimi mədəniyyyət ocaqlarına öz zəngin təcrübəsi ilə müxtəlif növ yaradıcılıq köməyi göstərən Rafiq Əliyev "İbrus" teatırının səhnəsində "Etimad telefonu" tamşasında Qonaq, "Əlvida, cənub şəhəri"ndə Nazim, "Üns" Yaradıcılıq səhnəsində "Şekspir" tamaşasında Veneralı obrazlarını yaradıb.
Rafiq Əliyevin həm də rejissor kimi maraqlı quruluşları var. O, 1994-cü ildən Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib. Həmin teatrın səhnəsində "Blez", "Qar qız və yeddi cırtdan", "Bir dəfə Braziliyada", Donaldın qeyri-adi sərgüzəştləri", "Nəsrəddin", "Sarıköynək günəşi necə gətirdi", "Hind fantaziyası", "Şəhərli kürəkən", "Krokodil Genanın məzuniyyəti", "Arzuları gerçəkləşdirən", "Sirr", "Çimnaz xanım yuxudadır" əsərlərinə maraqlı quruluşlar verib.
Rafiq Əliyev Azərbaycanda və xaricdə keçirilən teatr festivallarında da fəal iştirak edib. O, Rusiya Federasiyasının Omsk şəhərində "Rusiyanın gənc teatrları" adlı I və II Beynəlxalq teatr festivallarının, Sankt-Peterburqda keçirilən "Baltika evi" festivalının iştirakçısı, ölkəmizdə keçirilən bir sıra festivallarında Təşkilat Komitəsinin sədri olub.
Bunlardan əlavə, Rafiq Əliyev prodüsser kimi də fəaliyyət göstərib. O, 2007-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqı Yaradıcı Gənclər Mərkəzində hazırlanmış "Əli və Nino" ritual faciəsinin, 2008-ci ildə İttifaqın "Zəfər" teatr studiyasında hazırlanmış 12 teatrdan 20-yə yaxın aktyorun iştirak etdiyi Azərbaycanda ilk antrepriz tamaşanın – "Afinalı Timon" tamaşasının prodüsseri olub.
Teatr və kino fəaliyyəti ilə yanaşı, Rafiq Əliyev uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsində pedoqoji fəaliyyət göstərib, Azərbaycan Teatr Xadimləri İttifaqının Aktyor laboratoriyasında gənclərə ustad dərsləri keçib, onları sənətin incəlikləri ilə yaxından tanış edib.
2019-cu ildə Azərbaycan Teatr Xadimləri İttifaqının Konfransında İttifaqın sədr müavini vəzifəsinə təsdiq edilib.
Azərbaycan mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə 1990-cı ildə "Əməkdar artist", 2007-ci ildə "Xalq artisti" fəxri adlarına, Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatına, 2005-ci ildə "Humay" ictimai milli mükafatına, 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Təəssüf ki, bu gün onun haqqında keçmiş zamanda danışmağa məcburuq. Təsəllimiz isə xatirələrdir… Biz yaşadıqca yaşayan xatirələr… Bundan sonra bizim – bu dünyanın qonaqlarının Xalq artisti Rafiq Əliyevi tanıdığımızdan, onunla canlı ünsiyyətdə olduğumuzdan, dəyərli fikirlərini, bəzən ciddi, bəzən duzlu-məzəli söhbətlərini xatırlamaqdan başqa təsəllimiz olmayacaq. Bundan sonra doğmaları, dostları, tələbələri, müxtəlif sənət ocaqlarında onunla birgə çalışanlar ötən günləri yada salıb, çəkdirdikləri şəkillərə, videolara baxıb, həmin anları yalnız xatirələrində yaşadacaqlar. O, isə bütün bunları əbədi sakini olduğu haqq dünyasından seyr edəcək.
Əbədi mənzili mübarək. Allah rəhmət eləsin.
Ruhuna dərin ehtiramla
Azərbaycan Teatr Xadimləri İttifaqı adından
İttifaqın məsul katibi
Aida Qafarova