6 sentyabr 2021-ci il
Xalq artistləri Yaşar Nurinin 70 illik yubileyi və Səyavuş Aslanın doğum günü münasibəti ilə qəbrüstü ziyarət
6 sentyabr 2021-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə tanınmış incəsənət nümayəndələri və media işçiləri Xalq artistləri Yaşar Nurinin 70 illik yubileyi və Səyavuş Aslanın doğum günü münasibəti ilə sənətkarların məzarlarını ziyarət etdilər.
Ziyarətdə iştirak edənlər aktyorları xoş xatirələrlə yada salıb, xatirəsini hər zaman əziz tutduqlarını bildirdilər. Əvvəlcə Yaşar Nurinin məzarı ziyarət olundu. Mərasimdə çıxış edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov unudulmaz sənətkarın həyat və yaradıcılığından danışdı, onun mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açdı. “Biz Yaşar Nuri ilə teatrda birgə tamaşalarda çıxış etmişik. Biz onunla dost idik. Hamı onunla dostluq etmək istəyirdi”, - deyə H.İsmayılov vurğuladı. O, qeyd etdi ki, görkəmli sənətkarın işıqlı xatirəsi Azərbaycan tamaşaçısının yaddaşında daim yaşayacaq və mədəniyyətimiz var olduqca Yaşar Nuri də hər zaman yad ediləcək.
Tanınmış aktyor, Xalq artisti Rafiq Əzimov bildirdi ki, “Yaşar Nuri teatr və kino sahəsində özünü peşəkar aktyor kimi təsdiqləyib. O, macar bəstəkarı İmre Kalmanın “Silva” əsərində elə məharətlə oynayıb ki, heç kim onu səhnədə təkrar edə bilməz”.
Yaşar Nuri ilə tez-tez səhnəni bölüşən Xalq artistləri Nurəddin Mehdixanlı və Əli Nur onunla bağlı xatirələrindən söz açdılar.
N.Mehdixanlı Yaşar Nurinin yüksək mənəvi keyfiyyətlərindən danışdı: “Yaşarı hamıya qarşı diqqət göstərən, qayğı ilə yanaşan bir insan kimi tanıyıram. Yaşarın bir iddiası var idi, o da sənətdə özünü sübut etmək və böyük aktyor olduğunu göstərmək. Bu səbəbdən Yaşar Nurini unutmaq mümkün deyil. Tamaşaçı onu ekranda hər dəfə görəndə üzündə təbəssüm oyanır. Mən bütün aktyorlarımıza Yaşar Nurinin taleyini arzu edərdim. Çünki Yaşarın çox uğurlu sənət taleyi var. Ən gözəl tamaşaları o, oynayıb, əvəzində də dövlət tərəfindən yüksək dərəcədə qiymətləndirilib“.
Tələbəlik vaxtlarını xatırlayan Əli Nur bildirdi ki, Yaşar Nuri bəxti gətirən bir insan olub. O, hələ tələbə ikən dostları və müəllimləri arasında sevilib, sonradan bütün xalqın sevgisini qazanıb. Allah-təala ona peşəkar və yaddaqalan aktyor olmaq üçün bütün keyfiyyətləri bəxş etmişdi.
Sonda mərhumun həyat yoldaşı Rəhimə xanım Yaşar Nurinin xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirdi.
Sonra incəsənət xadimləri və media nümayəndələri Xalq artisti Səyavuş Aslanın məzarını ziyarət etdilər. Çıxış edənlər – Xalq aristləri Hacı İsmayılov, Rafiq Əzimov və başqaları aktyorun zəngin yaradıcılıq yolundan söhbət açdılar, oynadığı rollardan danışdılar, sənətkarla bağlı xatirələrini bölüşdülər.