16 oktyabr 2023-cü il
"QONAQ TEATR" layihəsi - Lənkəran Dövlət Dram Teatrının «Cəmilə» (Çingiz Aytmatov) romantik dramı tamaşası
16 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının «QONAQ TEATR» layihəsi çərçivəsində Lənkəran Dövlət Dram Teatrının «Cəmilə» (Çingiz Aytmatov) romantik dramı tamaşaçılara təqdim olundu.
Tamaşa Lənkəran Dövlət Dram Teatrının bərpasının 50 illiyi münasibəti ilə oynanıldı. Teatr Xadimləri İttifaqının böyük səhnəsində göstərilən tamaşada müharibənin insanların taleyinə vurduğu zərbələrdən bəhs olunur. Tamaşanın quruluşçu rejissoru İmran Ali Qurban, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Azər Hacıəsgərlidir.
Tamaşadan əvvəl Azərbaycan Teatr Xadimləri İttifaqı Sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov səhnəyə çıxıb, tamaşaçıları salamladı və Xankəndinə Azərbaycan bayrağının taxılması münasibəti ilə hamını təbrik etdi.
Sonra o, Lənkəran Dövlət Dram Teatrının keçdiyi zəngin inkişaf yolundan danışdı, teatrı yubiley münasibəti ilə təbrik etdi. Qeyd etdi ki: «Repertuarında Azərbaycan və dünya dramaturgiyasının klassik və müasir nümunələrinin yer aldığı Lənkəran Teatrı bu gün də fəaliyyətini davam etdirir, Azərbaycanda və onun hüdudlarından kənarda qastrol səfərlərində olur, bir çox beynəlxalq teatr festivallarda ölkəmizi uğurla təmsil edir».
Azərbaycan səhnəsinə maraqlı tamaşalar bəxş edən Lənkəran Dövlət Dram Teatrının kollektivinə uğurlar arzulayan Hacı İsmayılov milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və bərpasının 50 illik yubileyi münasibəti ilə teatrı İttifaqın Fəxri fərmanı ilə təltif etdi. Tədbirdə həmçinin teatrın bərpasında xüsusi xidmətləri olan aktyorlar - Xalq artisti Qabil Quliyev Fəxri fərmanla, Xalq artisti Böyükxanım Əliyeva və aktrisa Şahrud Mehdiyeva «Qızılgül» mükafatı ilə təltif olundular. Sonda tamaşanın uğurlu quruluşuna görə gənc rejissor İmran Ali Qurban İttifaqın Fəxri fərmanına layiq görüldü. Təltif olunanlar göstərilən diqqətə görə Teatr Xadimləri İttifaqına dərin minnətdarlıqlarını bildirdilər.