29 sentyabr 2025-ci il
Aktrisa Aynur Əhmədovaya həsr olunmuş "Bir qadın, bir səhnə, bir ömür” yubiley gecəsi
Tədbiri giriş sözü ilə Lənkəran Dövlət Dram Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzər xanım Huseynova açıb.
O, qonaqları salamladıqdan sonra Aynur Əhmədovanın yaradıcılıq yolundan, teatr fəaliyyətindən söz açaraq, onun Lənkəran Dövlət Dram Teatrındakı xidmətlərini yüksək qiymətləndirib.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Əməkdar artist Azad Şükürov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri Qafar Cəfərli, Xalq artisti Qabil Quliyev, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Əməkdar artist Məsmə Aslanqızı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının rejissoru, Əməkdar artist Nicat Kazımov və digər tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yubiley gecəsində Aynur xanımın ömür yoluna həsr olunmuş videoçarxlar və müxtəlif tamaşalardan fraqmentlər nümayiş etdirilib. Çıxış edənlər sənətkarın Azərbaycan teatrına verdiyi töhfələrdən, yaratdığı yaddaqalan obrazlardan danışaraq, onun ölkə mədəniyyətində xüsusi yerini vurğulayıblar. Aynur Əhmədova Azərbaycan Teatr Xadimləri İttifaqının “Teatr fədaisi” medalı ilə təltif olunub. Bu mükafat aktrisanın uzun illər boyu səhnəyə bəxş etdiyi zəhmət və fədakarlığa verilən yüksək qiymətin təzahürü kimi böyük rəğbətlə qarşılanıb.
Gecə gənc aktyorların ifasında təqdim olunan səhnə kompozisiyaları və incəsənət nümunələri ilə davam edib. Sonda xatirə şəkilləri çəkilib.