8 oktyabr 2026-cı il
Akademik Musiqili Teatrının aktrisası İttifaq tərəfindən mükafatlandırılıb
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası, Əməkdar artist Almaz Ələsgərovanın yubileyi münasibəti ilə Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən "Gülçöhrə və Əsgər" tamaşası oynanılıb.
Səhnə əsərində Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən ictimai-siyasi hadisələrin, xüsusilə bolşeviklərin ölkəmizə vurduğu maddi və mənəvi zərbələrin acı nəticələri əks olunub. Aktrisa tamaşada Cahan xala rolunu ifa edib.
Alqışlarla qarşılanan tamaşanın sonunda Almaz Ələsgərova yubileyi münasibətilə Azərbaycan Teatr Xadimləri İttifaqının "Teatr fədaisi" medalı ilə təltif olunub. Yubilyara mükafatı İttifaqın sədr müavini, Xalq artisti, professor İlham Namiq Kamal təqdim edib.
Sənətçi eləcə də teatr rəhbərliyi və kollektivi adından təbrik edilib, ona teatrın və Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri fərmanları verilib.

