15 oktyabr 2026-cı il
Yeni Azərbaycan Partiyasının tədbir keçirilib
Xaqani küçəsi 16 ünvanında yerləşən Ərazi Partiya Təşkilatında (Aktyor Evi) Yeni Azərbaycan Partiyasının VIII Qurultayından irəli gələn vəzifələrin partiya üzvlərinə çatdırılması, ideoloji işin təbliğinin gücləndirilməsi və partiyanın fəaliyyətinin daha da genişləndirilməsi məqsədilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaqani küçəsi 16 ünvanında yerləşən Ərazi Partiya Təşkilatının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov tədbiri giriş sözü ilə açaraq Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyətindən danışıb.
O, çıxışında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Ali Baş Komandan İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlərin ölkənin siyasi, iqtisadi və sosial inkişafının prioritetlərini müəyyənləşdirən mühüm strateji əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd edib ki, Azərbaycanın əldə etdiyi nailiyyətlərin təməlində güclü dövlətçilik ənənələri, milli birlik və həmrəylik dayanır. Bu dəyərlərin qorunması, möhkəmləndirilməsi və gələcək nəsillərə ötürülməsi Yeni Azərbaycan Partiyasının qarşısında duran əsas vəzifələrdəndir.
Tədbirdə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Əməkdar artist, professor Azad Şükürov və Əməkdar incəsənət xadimi, Sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında tutduğu mühüm yer və əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

