6 noyabr 2026-cı il
Zəfər Günü münasibətilə “Mən hələ buradayam...” monotamaşasının premyerası oynanılıb
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş Elnur Qərarinin müəllifi olduğu “Mən hələ buradayam...” monotamaşasının premyerası oynanılıb.
Tədbirdə dövlət nümayəndələri, ədəbiyyat və incəsənət xadimləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, eləcə də Azərbaycan Ordusunun əsgər və zabitləri iştirak ediblər.
Tamaşadan əvvəl Dövlər Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, “Qarabağ qazilərinə qayğı” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi qazisi Firudin Məmmədov, yazıçı-publisist, filologiya elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tariyel Abbaslı və yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vaqif Rüstəmov çıxış edərək Azərbaycanın şanlı Zəfər tarixindən, Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə bu tarixi qələbənin əldə olunmasında xalqımızın göstərdiyi birlik və iradədən, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın misilsiz fədakarlığından bəhs ediblər. Çıxışlarda Zəfər Gününün dövlətçilik tariximizdəki müstəsna əhəmiyyəti vurğulanıb, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və ehtiramın önəmi qeyd olunub.
Çıxışlardan sonra “Mən hələ buradayam...” monotamaşası teatrsevərlərə təqdim edilib.
Zəfərə aparan müqəddəs yolun mənəvi ağrılarını, müharibənin insan talelərində buraxdığı silinməz izləri və Vətən uğrunda canından keçən qəhrəmanların ailələrinin yaşadığı ağır sınaqları əks etdirən tamaşa şəhid xanımının taleyi, onun qəlbində daşıdığı həsrət, kədər və mənəvi mübarizə üzərində qurulub.

